“Bu layihəni geniş formatda, yenilənmiş versiyada xaricdə də təqdim və təbliğ etməyi düşünürəm”

 

Xəbər verdiyimiz kimi, bu günlərdə Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayev “Kamança Şuşanın səsidir” musiqi layihəsini təqdim edib. Kamança ifaçısı ilə görüşüb həm yeni layihəsi haqqında, həm də yaradıcılığındakı yeniliklər barədə həmsöhbət olduq.

 

– “Kamança Şuşanın səsidir” layihəsi necə yarandı?

– Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bir musiqiçi olaraq tarixi Qələbəmizə sənət töhfəsi vermək istədim. Şuşalı bəstəkarların əsərlərindən ibarət silsilə ifalar yazdırdım. Nəticədə Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunmasına ithaf etdiyim “Kamança Şuşanın səsidir” adlı layihəni tamamladım.

 

– Albomda neçə əsər yer alır?

– Alboma Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun ümumilikdə səkkiz əsərini daxil etmişəm. Kamançanın ruhuna yaxın əsərləri seçdim. Çalışdım ki, dinləyicilər yorulmasın.  Albomda bəstəkarlar, kamança sənətimizlə bağlı geniş məlumat və öz yaradıcılığım haqqında məlumat da yer alıb. Amma burada əsas məqsəd Şuşa haqqında, bu şəhərdə dünyaya gələn bəstəkarlar barədə məlumatın yer almasıdır. Bu bir ithafdır. Layihəni genişləndirib bir qədər başqa formatda təqdim etməyi düşünürəm.

 

– Bu əsərlərdən əvvəllər solo kamanda ifa ediləni olubmu?

– Bir-iki əsər ifa edilib. Digərləri isə ilk dəfə kamançada solo olaraq təqdim edilir. “Dumanlı Təbriz” tamaşasından Ə.Bədəlbəylinin “Qönçələbin mahnısı” və S.Ələsgərovun “Vətənimdir” əsərini universitetdə təhsil aldığımız illərdə ifa etmişik. Məsələn, Niyazinin “Vətən nəğməsi” və “Arzu” əsərlərini əsasən vokalçılar ifa edirlər. Lakin burada ilk dəfə solo kamançada səsləndirdik. Albomun ərsəyə gəlməsində mənə dəstək olan “Buta” instrumental ansamblına, bədii rəhbər tarzən Rövşən Qurbanova və pianoçu, Əməkdar artist Nərgiz Əliyevaya təşəkkürümü bildirirəm.

 

– Layihəni daha geniş təqdim etmək fikrində olduğunuzu dediniz. Hansı formatda nəzərdə tutursunuz?

– Kamança haqqında solo ifalar azdır. Sırf Şuşa və Qələbəmizlə bağlı layihə şəklində daha geniş formatda, böyük tirajla, yenilənmiş versiyada xaricdə də təqdim və təbliğ etməyi düşünürəm.

 

– Son vaxtlar Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət silsilə ifalar da lentə aldırmısınız...

– Bəli, “Youtube” kanalım fəaliyyətdədir. Albomda yer almayan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət ifalar burada yayımlanır. Ölkəmizdə bu işlə məşğul olan şirkət var, onlar bu işdə mənə kömək göstərirlər. Bizim ifaların internet üzərindən bütün dünyaya yayımlanmasını reallaşdırırlar. Hər bir ölkənin bu sahədə öz resursları var və həmin şirkət ifaları hər bir ölkəyə məxsus platformada yerləşdirir. Bu işi mən məhz Azərbaycan musiqisi və kamança sənətinin tanıdılması baxımından vacib hesab edirəm.

 

– Kamança ifaçılığının hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

– Görkəmli kamança ifaçımız Habil Əliyevdən sonra sırf solo olaraq bu iş bir az dayanmış kimi görünür. Bizdə müşayiət daha çox inkişaf etdi. Mən özüm də müşayiətçi kimi çalışıram. Amma solonu da diqqətdən kənarda qoymaq lazım deyil. Heç kim birdən-birə müşayiətçi olmur. Hər kəs solodan başlayır. Müşayiətçi olmaq da çətindir. Soloda da güclü olmasan, səni heç vaxt hər hansı bir xanəndə, ansambl, orkestr müşayiətçi kimi qəbul etməz. Musiqi məktəbindən başlayaraq ali məktəbə qədər özümüzü soloda nümayiş etdirirdik deyə, bizi müşayiətçi kimi də qəbil etdilər.

 

– Hansı korifey sənətkarları müşayiət etmisiniz?

– Çox şadam ki, görkəmli xanəndə, rəhmətlik Yaqub Məmmədovdan bu yana, demək olar ki, əksər xanəndələrimizi müşayiət etmişəm. Sara Qədimova, Arif Babayev, Əlibaba Məmmədov, Lütfiyar İmanov, Ağaxan Abdullayev, Vahid Abdullayevdən bu gün səhnədə olan xanəndələrə qədər.

 

– Bəs solo ifaya marağınızın əsasında nə dayanır?

– Sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyası üçün “Muğam sənətinin inkişafında kamança ifaçılarının rolu və əhəmiyyəti” mövzusunda axtarışlar zamanı bizim sənət tariximizdə nə qədər kamança ifaçılarının izi olduğunu və bu insanların bəzilərinin adının unudulduğunu gördüm. XX əsrdə Habil Əliyev kamançanı solo şəklində daha qabarıq nümayiş etdirdi. Ona qədər isə bizim sənətdə çoxsaylı sənətkarlar da yetişib. Qılman Salahov, Fərhad Dadaşov, Elman Bədəlov, Tələt Bakıxanov, Mütəllim Novruzov, Ədalət Vəzirov kimi sənətkarlar bu sənətdə iz qoyublar. Çalışırıq ki, biz də o yolu davam etdirək. Onu da xüsusi vurğulamaq istərdim ki, dövlətimiz tərəfindən kamançanın UNESCO siyahısına daxil edilməsi biz ifaçılar üçün böyük bir dəstəkdir. Dünyanın dörd bir tərəfində fəxrlə öz sənətimizi təbliğ edirik. Şəxsən mən bu gün bir ifaçı olaraq tanınmağımda, formalaşmağımda, sevilməyimdə dövlətimizə təşəkkür edirəm. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi bizə hər zaman diqqət göstərib. Fəxri ad verilib, mükafat verilib. Rəsmi tədbirlər, səfərlər, dövlət kanallarında çıxışlarımla kamança sənətimizi təbliğ etməyimlə qürur duyuram.

 

– Bir az da pedaqoji fəaliyyətinizdən danışaq.

– 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. 12 nömrəli musiqi məktəbində 10 il dərs demişəm. 2008-ci ildən Azərbaycan Milli Konservatoriyasında və hazırda Mədəniyyət və İncəsənət Universitetində çalışıram. Beynəlxalq Muğam Mərkəzinin də solistiyəm. Pandemiya biz musiqiçilərə çox böyük mənfi təsir etdi. Onlayn dərslər zamanı çox çətinliklərimiz olur. Müxtəlif əlaqə proqramları 3 saniyə gecikmə ilə müşayiət olunduğundan dərslərə maneə yaradır. Amma yenə də çalışdıq ki, bu çətinliklərin öhdəsindən gələk. İnanıram ki, gələn tədris ilindən bütün bu onlayn konsert və tədris tarixə dönəcək.

 

– Bir daha sizi yeni layihəniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

– Çox sağ olun. Bu layihə mənim üçün çox mühümdür. Şuşanın azadlığı, kamança sənətimiz və şuşalı bəstəkarlar. Kompozisiya şəklində təqdim etdiyim bu layihənin uğurlu olacağına əminəm.

Lalə AZƏRİ