Azərbaycan

 

30 iyun 1812 (yeni təqvimlə 12 iyul) – Mütəfəkkir yazıçı, böyük dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1850-1855-ci illərdə yazdığı altı komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 

30 iyun 1934 – Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı olan A.Refatov Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə prorektor təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik edib, 1937-ci ildə repressiya olunub.

 

1 iyul 1925 – Ədəbiyyatşünas alim, professor Pənah İmran oğlu Xəlilov (1925-2019) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. “Azərbaycan sovet ədəbiyyatı tarixi” üçcildliyinin həmmüəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

1 iyul 1937 – Əməkdar mədəniyyət işçisi, aşıq İsfəndiyar Adil oğlu Rüstəmov (1937 – 9.2.2018) Gədəbəy rayonunun Gərgər kəndində doğulub. Gədəbəydə ilk aşıq ansamblını yaradıb, müxtəlif festivallarda respublikamızı təmsil edib.

1 iyul 1943 – Əməkdar mədəniyyət işçisi, aktyor, dublyaj üzrə rejissor Arif İzzət oğlu Həbibi (1943 – 27.1.2021) anadan olub. Uzun illər “Azərbaycanfilm” kinostudiyasının Dublyaj şöbəsində çalışıb.

 

2 iyul 1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simurğ; 1892-1937) Bakıda anadan olub. Respublika Xalq maarif komissarının müavini, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. “Ağanın kənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrin müəllifidir. Repressiya qurbanıdır.

2 iyul 1922 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı.

2 iyul 1953 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (1953 – 26.10.2013) Ağdamda doğulub. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

2 iyul 1953 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub. “Dan ulduzu” ansamblının solisti olub.

 

Dünya

 

30 iyun 1789 – Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.

30 iyun 1911 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş (Czeslaw Milosz; 1911-2004) anadan olub.

30 iyun 1918 – Amerika aktrisası, “Oskar” mükafatçısı Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub.

 

1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646-1716) anadan olub.

1 iyul 1804 – Fransız yazıçısı Jorj Sand (George Sand (əsl adı: Amandina Avrora Düpen – Amantine-Aurore-Lucile Dupin de Francueil); 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Konsuelo” və s.

1 iyul 1902 – Amerika rejissoru Vilyam Vayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.

1 iyul 1909 – Gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.

 

2 iyul 1877 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse; 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

2 iyul 1923 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska; 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz ...” və s. kitabların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN