Özbəkistan Türkiyə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnundur. Bu fikri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə vurğulayıb.
Görüşdə ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, Türkiyə şirkətlərinin və investorlarının Özbəkistanda fəaliyyəti müzakirə edilib.
Daşkənddə keçirilən Özbəkistan-Türkiyə biznes-forumunda iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 679 milyon dollar dəyərində 25 müqavilə imzalanıb. Sənədlər energetika, turizm, yüngül sənaye, kənd təsərrüfatı, tikinti materiallarının istehsalı, əczaçılıq, kimya sənayesi və digər sahələrlə bağlıdır.
Biznes-foruma Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov və Türkiyənin vitse-prezidenti Fuat Oktay, hər iki ölkədən nazirlər, işgüzar dairələrin 250-dən çox nümayəndəsi qatılıb.
F.Oktayın rəhbərliyi ilə Türkiyə nümayəndə heyəti qədim Səmərqənd və Buxara şəhərlərində də olub.
GÜLCAHAN