Xanlar Əhmədov: “Məktəbli illərimdə hər il yayı Şuşada keçirərdim. 75 yaşımda Şuşanı belə görmək mənə çətin idi”

 

Heykəltəraşın hər bir əsəri onun həyatı, övladı, yaratdığıdır, Allah tərəfindən ona verilən qüdrətdir deyir, Xalq rəssamı Xanlar Əhmədov. Bu il 75 illik yubileyini qeyd edən sənətkarla görüşmək planımız bir müddət əvvələ nəzərə tutulmuşdu. Bu arada heykəltəraş Şuşaya getməli oldu. Söhbətimiz də bu səfərdən sonra baş tutdu.

 

– Xanlar müəllim, elə Şuşa təəssüratınızdan başlayaq söhbətimizə. Səfərin məqsədi də öz yerində...

– Təqribən 40 il əvvəl dostum, Əməkdar rəssam Namiq Dadaşovla Şuşada Bülbülün və Üzeyir bəyin büstlərini işlədik. O heykəllər ki, sonradan talelərinə “Güllələnmiş heykəllər” adı yazıldı. 44 günlük müharibənin möhtəşəm Qələbə sevinci və Şuşanın azad edilməsindən sonra cənab Prezident bu heykəlləri öz doğma yurduna qaytardı. Şuşada digər işlədiyim heykəltəraşlıq nümunəsi isə Bülbülün Ev-Muzeyinin qarşısında müğənninin qaval içərisində olan heykəli idi. Həmin heykəli də mənfur ermənilər darmadağın edib tuncunu aparmışdılar. Prezident İlham Əliyev Şuşa səfərində bildirdi ki, Bülbülün evi təmir edilib əvvəlki vəziyyətinə qaytarılmalıdır. Xalq artisti Polad Bülbüloğlu hazırda ata yurdunun bərpası ilə bağlı işlərə başlamaq istəyir. Elə bu səbəbdən də mənimlə əlaqə yaradıb heykəlin yenidən bərpası ilə bağlı fikirlərimi öyrəndi. Beləliklə, şükür olsun ki, mən də bu günü, azad Şuşanı gördüm və heykəlin yenidən yerində bərqərar olunmasını həyata keçirəcəyəm. Böyük həvəslə bu işə başlayacağam. Şuşaya getməyimin məqsədi də bu idi.

Təəssürata gəlincə isə, qədim şəhərimizə Zəfər yolu ilə getməli olduq. Bir az mənə ağır təsir etdi. O səbəbdən ki, mənim ana tərəfim şuşalıdır. Şuşada babamın evi də var. Hətta 40 il əvvəl Şuşanın icra nümayəndəsi mənə demişdi ki, indi bu evdə erməni ailəsi yaşayır, amma biz evi boşaltdıra bilərik. Lakin o zaman razı olmamışdım. Nə biləydim ki, bir neçə il sonra onların belə məkrləri ortaya çıxacaq. Məktəbli illərimdə hər il yay tətilini Şuşada keçirərdim. Şuşa mənə doğmadır. 75 yaşımda Şuşanı yenidən belə görmək mənə çətin idi. İkili hisslər yaşayırdım. Sevinc hissi – öz torpağımda addımlayıram və bu şəhəri yaddaşımda qalan Şuşa kimi görməməyin qüssəsi. Axşamlar Şuşa məscidi tərəfdə qələbəlik, məhəllələrdəki çal-çağır, bulaq qarşısındakı növbə, bir də yerlə yeksan olunmuş mədəniyyət evi canlanırdı gözlərim önündə. Dünyanın ən gözəl şəhərləri belə insan amili yoxdursa, əhəmiyyətini itirir. İnanıram ki, Şuşada həyat bərpa olunacaq.

 

– Xatırlayıram, bir neçə il əvvəl siz “Güllələnmiş heykəllər”in bərpasına etiraz etmişdiniz...

– Bəli, buna etiraz etmişdim və sevindim ki, bizim bir müəllif kimi o dövrdə fikrimiz dinlənildi, bu heykəllər restavrasiya olunmadı. Biz ürəyiyumşaq xalqıq, təəssüf ki, tarixi unutqanlığımız da var. Odur ki, bu heykəllər gələcək nəsillərə bir ibrət dərsi olacaq.

 

– Demək, gələcək üçün də restavrasiya nəzərdə tutulmayıb?

– Xeyr, olunmaycaq. Bu bir tarixdir və yaddaş səhifəmizdir.

 

– Müsahibələrinizdə deyirsiniz ki, heykəltəraşların heç zaman boş vaxtı olmur. Olanda isə ürəyimiz istəyən əsərləri yaradırıq. Sizin ürəyiniz istəyən əsərlərin mövzusu nə olur?

– Son 30 ildə boş vaxtımın hamısını Xocalı faciəsinə həsr etmişəm. Elə oldu ki, həmin gecə mən hadisənin içinə düşdüm. Həmin gün Ağdamda idim və Ağdama gətirilən yaralılar, şəhidlər hamısı gözümün qarşısındadır. Sənətkar üçün də bu, həssas mövzudur. Son 20 ildə Xocalıya həsr edilən bütün müsabiqələrdə iştirak etmişəm və hamısında da əsərlərim yer qazanıb. Əslində, bu əsərlər ürəyimin çağırışıdır. Yaradıcılıq belə işdir ki, bir var sifariş olunur, bir də var qəlbinin səsi ilə hazırlayırsan.

 

– Hazırda həyətdə tamamlanmamış bir heykəl görürük. Cəfər Cabbarlının heykəli...

– Bəli, bu heykəl sifarişdir. Gəncə Dövlət Dram Teatrının qarşısında qoyulacaq. İki heykəl nəzərdə tutulub. C.Cabbarlı və M.F.Axundzadə. Hazırda bu heykəl üzərində çalışıram. Azad mövzulara gəlincə isə, gənclik illərimdə bu mövzular fərqli idi. Sevgi, ana və s. Bu mövzulara ürəkdən yanaşırdım.

 

– Bəs başqa hansı sifarişiniz var?

– Eskiz kimi xarıbülbül heykəli nəzərdə tutulub. Simvolik güldür. Gülü, yarpağı, budağı heykəl dilinə çevirmək bir az çətindir. Onun öz yolları var. Sonra “Dəmir yumruq”, “Ana” heykəli var. Ana kimi o nə fəryad edir, nə də danışır. O, əsgərlərə yol göstərir, inamlı olmağa çağırır. Yəni bu günün mövzuları artıq bu heykəllərdir.

 

– Əsgər demişkən, bu mövzuda da yeni işiniz olmalıdır, məncə...

– Bəli, həmin iş böyük həcmli olduğu üçün digər emalatxanadadır. “Bayraq sancan əsgər”. Bu heykəl Şirvan şəhərində qoyulacaq. Daha önəmli bir işim isə ulu öndər Heydər Əliyevin büstüdür ki, həmin iş də tamamlanmaq üzrədir. Son işlərdən biri də general Əliağa Şıxlinskinin qəbirüstü abidəsi oldu.

 

– Bülbülün Şuşada heykəli nə vaxta nəzərdə tutulub?

– İnşallah, yəqin ki, 8 Noyabr – Qələbə Gününə, ilin axırına kimi yekunlaşdırmağa imkan olacaq.

 

– Hacı Zeynalabdin Tağıyevin heykəlini də hazırlamısınız. Nə vaxt qoyulacaq?

– Bu mövzuda son günlər mənə çoxsaylı zənglər olub. Heykəl il yarım bundan əvvəldən hazırdır. Pandemiya, müharibə şəraiti. Heykəlin ləngiməsi səbəbləri başa düşülməlidir. Yaxın iki ay müddətində açılışı nəzərdə tutulur.

 

– Xanlar müəllim, yubileyiniz ərəfəsində zəngləşdik. Dediniz ki, heç vaxt ad günü qeyd etmirsiniz. Amma bir az da həyat və yaradıcılıq yolunuza nəzər salaq...

– Hamı yubiley və 75 rəqəmini qeyd edir. Amma mən öz yaşımda 35-dən yuxarı keçə bilmirəm. Hələ də 35 yaşımda qalmışam. Bu günlərdə isə oxudum ki, insan həyatını dəyişəndə, bu dünyadan o biri dünyaya qədəm qoyanda 35 yaşında olur. Bu məni çox düşündürdü. Ümidverici haldır. Demək, mən həmişə bu yaşda olacağam.

 

– Yəqin 35 yaşınızda həyat və yaradıcılığınızda çox önəmli hadisələr olub ki, bu yaşın təsirindən çıxa bilmirsiniz, eləmi?

– Əlbəttə. 35 yaş elədir ki, həyat sənin əlindədir. Həm də bizim dövrün 35 yaşı tamam başqa idi. İndi bəzən gənclərə baxıram 35 yaşda hələ də 15 yaşdakı kimi düşünənlər çoxdur. Mən öz 35 yaşımı düşünəndə o vaxtkı fəaliyyətimi xatırlayıram. Rəssamlar İttifaqından ezamiyyətlər, heykəl eksperti kimi fəaliyyətim və s. Amma etiraf edim ki, elə insanlar da var ki, 80 yaşında belə 12 yaşdakı düşüncə ilə yaşayırlar...

 

– Dünən zəng etdiyim zaman qəbul komissiyasında imtahanlarda olduğunuzu qeyd etdiniz. Yeni nəsil, gənc rəssamlar ümidvericidirmi?

– İstedadlı gənclər var. Amma bizim zaman ilə götürəndə fərqlidirlər. Çox da işgüzar deyillər. Bizim kursumuzda Fərhad Xəlilov, Ağaəli İbrahimov, Şərif Şərifov, Rafael Əsədov, Namiq Dadaşov, Rafael Muradov və digərləri vardı – bu gün hamısı tanınmış adlardır. Ancaq əməksevərlik onları bu yerə çıxardı. Elektrik qatarına pulumuz olmayanda xəlvət minib Buzovnaya gedər, gəzib öyrənərdik. Ağaəli ilə kitabxanalardan kitab səhifələrindən Pikassonun işlərini oğurladığımızı da etiraf etməliyəm. Çox sayda kitablar alıb oxuyardıq. Amma bu gün internetdə istədiyimiz sahələr üzrə zəngin məlumat var. Buna baxmayaraq, tələbələr tənbəldirlər. Onu da qeyd edim ki, hazırda rəssamlıqda əsasən qızlar təhsil alır. Narahatlıq doğuranı budur ki, birinci kursda tələbələrlə tanış olan zaman çoxu deyir balı çatmadığı üçün bu sahəni seçib.

 

– Bir neçə il əvvəl heykəllər parkı ilə bağlı fikir irəli sürmüşdünüz. Bu gün də aktualdırmı həmin məsələ?

– Bəli, mən 30 ildən çoxdur ki, Rəssamlar İttifaqında heykəltəraşlıq cəmiyyətinin sədriyəm. Bu səbəbdən də emalatxanalarda çox oluram. Heykəltəraşların emalatxanalarında, orta və yaşlı nəsildə çox gözəl heykəllər var. Onları cəmiyyətə tanıtmaq lazımdır. Xüsusən də boş parklarda həm gənc, həm də yaşlı rəssamların yaradıcılıq nümunələri nümayiş olunmalıdır. Elə köhnə heykəllər də qorunmalı idi. Çünki tarixdir. Mən Hindistanda olanda görürdüm ki, hansısa ingilis lordun heykəlinin üzərində “Bu, ingilis müstəmləkəsi zamanına aid əsərdir” qeydi var. O vaxt paytaxtın “Dostluq” parkında heykəllər parkının yaradılması təklifini irəli sürmüşdüm...

Söhbətimizi masa ətrafında yekunlaşdırıb emalatxanaya keçirik. Burada heykəllərin kiçik maketləri var və bəzi əsərlərin üzərində bərpa işinin getdiyinin şahidi oluruq. Xanlar müəllim bizə sənətə gəlişindən danışır: “Rəssamlıq, heykəltəraşlıq mənə qanla keçib. Dayılarım həmişə evdə uşaqlar arasında müsabiqə edərdilər və nədənsə həmişə mən qalib gələrdim. Bu qalibiyyətlər məni sənətə bağladı”.

Sənətkar Hacı Zeynalabdin Tağıyevin heykəllərinin digər nümunələrini bizə göstərir. Deyir ki, heykəl yaradılarkən onun maliyyə tərəfləri də nəzərə alınmalıdır.

Sonra Xanlar müəllimin kitabxanası ilə tanış oluruq. Heykəltəraş bu kitabxananı nəvəsinə cehiz verməyi düşünür...

Xanlar müəllimlə maraqlı müsahibəyə görə sağollaşıb ayrılırıq. Yolboyu yaratdığı heykəlləri göz önünə gətirirəm. Hər biri Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm izlər qoymuş insanlara həsr olunub. Bu heykəllər yaradılarkən müəllif onların həyatını, xarakterini oxuyur, öyrənir və beləliklə, bir heykəltəraş taleyində onlarla insan ömrü yaşanır. Sevərək seçilən sənətdə isə bu iş yorucu deyil, sənətə böyük töhfələrlə müşayiət olunur. Bu sevginin gerçək nümunəsi isə Xalq rəssamı Xanlar Əhmədovun zəngin yaradıcılıq irsidir.

LALƏ