Dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassoya (1881-1973) məxsus yeni rəsm əsəri 150 min dollara satılıb. ABŞ-ın Men əyalətindəki bir evdə 50 il şkafda saxlanılan əsər Massaçusets şəhərindəki “John McInnis Auctioneers” qalereyasında alıcısını tapıb.

Ölçüləri 40x40 sm olan “Le Tricorne” (“Üçkünc şlyapa”) tablosu müəllif tərəfindən 1919-cu ildə imzalanıb. Nyu-York Tarix Cəmiyyətində Pikassonun ispan bəstəkarı Manuel de Falyanın (1876-1946) eyniadlı baleti üçün Londonda hazırladığı səhnə dekorasiyası ilə bənzərliyi səbəbindən əsərin də rəssama aid olduğunu düşünürlər.

Qeyd edək ki, “Le Tricorne” baleti 1919-cu ildə Londonda tamaşaya qoyulub. Rəssamın tamaşaya verdiyi bədii tərtibat (pərdə) 2015-ci ildən Nyu-Yorkda sərgilənir.

Əsərin alıcı və satıcısının adları açıqlanmasa da, rəsmin satıcının bibisindən atasına miras qaldığı bildirilir. Əsərin müəllifini rəssamın oğlunun rəhbəri olduğu müvafiq qurumda dəqiqləşdirməsi üçün alıcının 4 ay vaxtı var.

NURƏDDİN