Fərəh Acalova: “İncəsənətdə, o cümlədən teatr sahəsində təhsil və təlim prioritet istiqamətlərdən biridir”

 

Bir müddət əvvəl  Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasına səfər etmişdi. Nümayəndə heyətinin tərkibinə  nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova da daxil idi. Səfərin məqsədi mədəniyyətin müxtəlif sahələri, o cümlədən incəsənət təhsili ilə bağlı Rusiya təcrübəsini öyrənmək, fikir mübadiləsi aparmaq idi. Fərəh Acalova ilə səfərin təəssüratları və nəticələri barədə söhbət etdik.

 

– Fərəh xanım, öncə Rusiyaya səfərlə bağlı ümumi təəssüratı bölüşməyinizi istərdik...

– Görüşlər keçirdiyimiz müəssisələrin rəhbərləri bizi  çox yaxşı, isti münasibətlə qarşıladılar. Bizim mədəniyyətimiz, incəsənətimiz, xüsusən də musiqi sənətimiz Rusiyada dəyərləndirilir. Rusiyadakı həmkarlarımız Bakının çox maraqlı, perspektivli,  cəlbedici bir məkan kimi önəmini qeyd edirlər. Həm festivallar baxımından, həm də ümumiyyətlə, mədəni həyat baxımından. Bunu söhbətlərində də hiss etmək olurdu. 

 

– Görüşlərin nəticələri necə oldu? Hansı razılıqlar əldə edildi?

– Düzünü deyim, mənim üçün səfərin əsas məqsədi tanışlıq idi. Yəni oradakı həmkarlarla, mədəniyyət müəssisələri ilə tanış olmaq, gələcəkdə əməkdaşlıq quracağımız tərəfdaşları şəxsən tanımaq və əlaqə yaratmaq. Ona görə də hər hansı konkret razılaşma haqqında danışmaq bir az çətin olardı. Amma görüşlər çox faydalı oldu. Moskva Dövlət Filarmoniyasında, “Gelikon-Opera”nın rəhbəri Dmitri Bertmanla, “Roskonsert”in baş direktoru Andrey Malışevlə maraqlı görüşlərimiz oldu. “Roskonsert”lə teatrlarımızın qastrol səfərləri, festival və müsabiqələrlə bağlı geniş fikir mübadiləsi etdik. Pillə-pillə müəyyən etdiyimiz istiqamətlər üzrə bu işləri reallaşdıracağıq.

Rusiya Teatr Sənəti İnstitutunda (GİTİS) rektor Qriqori Zaslavski ilə görüşdük. Bizim çox istedadlı həmyerlimiz Elşən Məmmədov orada Prodüserlik kafedrasının rəhbəridir və onun da iştirak etdiyi bu görüşdə maraqlı söhbətimiz oldu. Onlarla bir neçə əməkdaşlıq ideyası haqqında fikir mübadiləsi apardıq. İnanırıq ki, əgər hər şey planlaşdırdığımız kimi getsə, artıq bu ildən biz GİTİS-lə müəyyən əlaqələr qura biləcəyik. Əvvəlcədən detalları demək istəmirəm. Çünki hələ biz bu layihə üzərində işləyirik. Eyni zamanda qarşı tərəfdən asılı olan səbəblər də var. İndilik bunu deyim ki, pandemiya şəraiti imkan versə, bu ilin ikinci yarısında GİTİS-lə təlimlərə başlamağı düşünürük.

 

– Bizim əvvəlki illərdə də onlarla əməkdaşlıq əlaqələrimiz mövcud idi. Azərbaycanlı tələbələr orada təhsil alırdılar...

– Bəli, olub. Onu deyə bilərəm ki, Mədəniyyət Nazirliyi olaraq bizim üçün təhsil və təlim, o cümlədən teatr sahəsində, prioritet istiqamətlərdən biridir. Bunun üzərində hazırda iş aparılır. Təhsil Nazirliyi ilə də bu işlə bağlı danışıqlar olacaq. Çünki mədəniyyət sahəsində olan ali təhsil müəssisələri onların tabeliyindədir. Təhsil Nazirliyi və Mədəniyyət və İncəsənət Universiteti ilə danışıb bu istiqamətdə səmərəli birgə iş aparmaq məqsədilə perspektivləri və problemləri müzakirə edəcəyik. GİTİS-lə iş aparmaq isə belədir ki, ən yaxşı əməkdaşlıq çərçivəsi universitetlər arasında birbaşa mübadilədir. Hazırda mümkün sxemlər üzərində düşünürük. Ola bilsin gələcəkdə Q.Zaslavskinin Bakıya səfərini təşkil edək və burada artıq mümkün əməkdaşlıq modellərini müəyyənləşdirək.

 

– İllərdir bizdə teatr sahəsində texniki əməkdaşların peşə bacarıqlarına yiyələnməsi və təhsili ilə bağlı müəyyən axsamalar var. Rusiya ilə əməkdaşlıqda bu istiqamətdə də addım atılacaqmı?

– Biz bu problemdən xəbərdarıq və o, diqqət mərkəzimizdədir. Rusiyada görüşlər zamanı bu məsələ ilə bağlı danışıqlar apardıq. Həm GİTİS, həm də Moskva şəhərinin aparıcı musiqili teatrlarından biri sayılan “Gelikon-Opera”nın bədii rəhbəri Dmitri Bertmanla. Deyə bilərəm ki, Rusiya tərəfi bu sahədə əməkdaşlığa hazırdır. Bizi bu yöndə həm təlim, həm stajkeçmə, həm də təhsilə dəvət edirlər. Bu prosesləri sadəcə sistemləşdirməliyik ki, davamlı olsun. Hazırda bu məsələ üzrə iş aparılır, inanıram ki, uğurlu olacaq. 

 

– Bildiyimiz qədəri ilə Xalq artisti, Fərəc Qarayevlə görüş zamanı Azərbaycandakı festivallarla bağlı fikir mübadiləniz olub. Pandemiya səbəbindən bu il ənənəvi festivallar təşkil edilmədi. Bəs gələcəkdə bu festivalların formatında dəyişiklik gözlənilirmi?

– Fərəc müəllimlə Moskvada müxtəlif məsələlər ətrafında dolğun müzakirələrimiz oldu. Təbii ki, onun üçün çox doğma bir mövzu Qara Qarayev adına Müasir Musiqi Festivalıdır. O çox arzulayır ki, festival bərpa olunsun və biz də bunu dəstəkləyirik. Ümumiyyətlə, festivallarla bağlı demək istərdim ki, yeniliklər olacaq. Hazırda yeni formatlar üzərində çalışırıq. Məsələn, Üzeyir Hacıbəyli festivalı ilə bağlı planlarımız var. Növbəti festivalda gəncliyə daha çox yer verməyi nəzərdə tuturuq. Əsas proqramla  yanaşı gənc ifaçılar üçün də ayrıca proqram hazırlayırıq. Beləliklə, festivalda gənclər xətti xüsusi vurğulanacaq. Ümumiyyətlə, gənc bəstəkarlar və ifaçılarımız üçün ölkə daxilində daha geniş meydan yaratmaq bizim əsas vəzifələrimizdən biridir.

 

– Rusiya ilə mədəni əlaqələrdə hansı sahələrdə əməkdaşlığa daha çox ehtiyac duyulur?

– Deməzdim ki, hansısa konkret sahə digərindən çox önəmlidir. Rusiya ilə tarixən əlaqələr olub və mədəniyyətlərimiz bir-birinə bağlıdır. Onlar da bizdən nəsə götürürlər, eləcə də biz də onlardan. Bu bir mübadilədir. Mən bunu belə görürəm. Bu gün Rusiyada teatr son dərəcədə populyardır. Təkcə paytaxtda deyil, digər şəhərlərdə, regionlarda.  Arzu edirəm ki, bizdə də teatr bu dərəcədə tamaşaçı cəlb edə bilsin. Rusiyada pandemiya şəraitinə və bilet satışının 50 faiz olmasına baxmayaraq, əksər teatr zalları tamaşaçılarla doludur. Biz incəsənəti tamaşaçı və cəmiyyət üçün maraqlı bir məkana çevirməliyik, sözün yaxşı mənasında populyarlaşdırmalıyıq.  Bu cəhətdən mənə elə gəlir ki, Rusiya ilə təcrübə mübadiləsi vacibdir.

 

– Bir müddət əvvəl Türkiyədə də səfərdə oldunuz. Həmin görüşlərin nəticəsi ilə bağlı fikirləriniz də maraqlıdır...

– Türkiyə ilə incəsənət sahəsində əməkdaşlıqdan danışarkən biz ilk növbədə kinonu qeyd edə bilərik. Bu sahədə geniş əməkdaşlıq etmək imkanları var. Ümumilikdə incəsənəti götürsək, bizim çoxsaylı sənət adamları orada dərs deyir, mütəxəssis yetişdirirlər. Bu bizim üçün bir fəxrdir. Türkiyədə incəsənət sahəsində qabaqcıl infrastruktur mövcuddur. Digər tərəfdən, bu ölkədə müvafiq texniki peşələr də olduqca inkişaf edib və bu istiqamətlər üzrə təlim, staj keçmə imkanlarını araşdırırıq.

 

– Mədəniyyət sahəsinə yeni təyin olunmusunuz. Bu sahə sizə kənardan necə görünürdü?

– Kənardan bir çox işlər sadə görünə bilər. Məsələn, hansısa nazirliyin fəaliyyəti ilə bağlı, bu sahədə iş görülmür, ya müəyyən sahədə inkişaf yoxdur kimi fikirlər yarana bilər. Amma bu işin içində olanda başa düşürsən ki, gözəçarpan irəliləyişi əldə etmək böyük vaxt  və səy tələb edir.

 

– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

– Sağ olun.

Lalə AZƏRİ