Meksikanın paytaxtı Mexikoda Azərbaycan və Türkiyə mətbəxi festivalının təntənəli açılışı olub. Oktyabrın 17-dək davam edəcək festivalın təşkilinə Azərbaycanın Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri dəstək verib.
   
   Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumatda deyilir ki, festival çərçivəsində Meksikanın paytaxtı Mexikonun nüfuzlu mehmanxanalarından biri - "Nikko Mexico"nun qonaqları və şəhər sakinləri Azərbaycan milli mətbəxinin ən yaxşı yeməkləri, içkiləri və şirniyyatı ilə tanış ola biləcəklər. Azərbaycan mətbəxinin incəliklərini nümayiş etdirmək üçün festivala Bakıdan baş aşpaz Sənan Əliyev dəvət olunub.
   Festivalın açılışı Azərbaycanın və Türkiyənin Meksikadakı səfirləri - İlqar Muxtarov və Alev Kılıcın giriş sözü ilə başlayıb. "Azərbaycan mətbəxinin özünəməxsus xüsusiyyətləri, milli koloriti var və yeməklərinin təkrarolunmaz dadı və nadir ətri ilə məşhurdur. Qədim və qızğın ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi mətbəximizin zənginləşməsinə imkan yaradıb", - deyə Azərbaycan səfiri bildirib.
   Meksika Xarici İşlər Nazirliyinin Avropa ölkələri məsələləri üzrə idarəsinin rəhbəri Xose İqnasio Madraso da qonaqları salamlayıb. Öz çıxışında o, xüsusi vurğulayıb ki, bu, Azərbaycan səfirliyinin Meksikada qısa fəaliyyət müddəti dövründə mədəniyyət xarakterli birinci tədbiri deyil.
   Giriş sözlərindən sonra tədbir iştirakçıları Azərbaycan simfonik musiqisindən - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi görkəmli bəstəkarların əsərlərindən zövq alıblar. Konsert proqramında nümayiş etdirilən Azərbaycan milli rəqsi tədbir iştirakçılarının marağına səbəb olub. Festival proqramında Azərbaycan haqqında sənədli film və milli geyimlər də nümayiş olunub. Mehmanxananın rəhbərliyi ilə il ərzində Azərbaycan xörəklərinin restoran müştərilərinə təklif olunacağı barədə razılıq əldə edilib.
   Tədbir Meksika mediası, o cümlədən, "Reforma", "Milenio" qəzetləri və ölkədə yeganə ingilisdilli qəzet - "The News" tərəfindən geniş işıqlandırılıb.   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar