Kino... Çoxları bu sözü eşidəndə onu sehrli aləm, möcüzələrlə dolu bir dünya, sirli bir pəncərə kimi xatırlayır. Doğrudan da, kinematoqrafiya sənəti özünün canlılığı ilə digər sənət növlərini üstələyən cazibədar bir aləmdir. Kinematoqrafiya geniş texniki imkanlara malik olmaqla canlı gerçəklikləri, keçmiş və gələcəyi, müxtəlif zaman-məkanları bütün sənət növlərindən seçilərək özündə əks etdirməyi bacarır. Bu nağılvarı aləmin əbədiyaşar əsas sakinləri isə aktyor və aktrisalardır. Bu gün bu sehrli dünyanın əbədiyaşar sakini, Azərbaycan kinosunda Ana obrazları ilə yaddaşlarda yaşayan Xalq artisti Sədayə Mustafayevanın kino fəaliyyətindən söhbət açmaq istəyirəm.
Sədayə Mustafayeva xoşbəxt taleli sənətkarlarımızdan olmaqla 78 illik ömrünün 64 ilini Azərbaycan mədəniyyətinə həsr etmiş səhnə ustalarımızdandır. Bu ömrün 54 illik səhnə fəaliyyəti isə Gəncə Dövlət Dram Teatrının tarixi ilə bağlıdır.
Sədayə İsmayıl qızı Mustafayeva 1926-cı il iyulun 15-də Şəkidə anadan olub. 11 yaşında olarkən anasını itirib. Beşillik orta təhsilini bitirdikdən sonra 1941-ci il müharibəsi başlayır. O, atası İsmayıl ilə qardaşı Məhəmmədi müharibəyə yola salıb və Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında köməkçi kimi işləməyə başlayıb. O illəri xatırlayan Sədayə Mustafayeva yazırdı: “Atam və qardaşım müharibəyə yollandığından evdə qalan bir qardaşım və bacıma mən baxmalı oldum. Atamın dostu Nəsib kişi vəziyyətimizin çıxılmaz dərəcədə ağır olduğunu görüb mənə dedi ki, gəl səni aparım sənət məktəbinə. Həmin məktəbin şagirdləri toxuculuq kombinatında istehsalat təcrübəsi keçir və az miqdarda əməkhaqqı alırdılar. Mən razılaşdım və Lətifə adlı bir ustanın şagirdi oldum. Toxuculuq kombinatında maşınlar primitiv bir üsulla işlədilirdi. Bir dəfə dəstəyi fırladanda “çornik” çıxıb üzümü yaraladı. Fəhlələr dedilər ki, bu balacaboylu, çəlimsiz qızın belə yerdə işləməyi mümkün deyil. Həm də İpəkçilik kombinatında işlədiyim müddət ərzində müəssisənin dram dərnəyinə yazıldım”.
Sədayə Mustafayeva Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Bu teatrın səhnəsində ilk dəfə Səməd Vurğunun “Vaqif” tarixi dramında rəqqasə kimi səhnəyə çıxıb. Bir müddət maraqlı obrazlar yaradan aktrisa daha sonra fəaliyyətini Ağdaş və Göyçay Dövlət Dram teatrlarında çalışıb. Özünümaliyyələşdirmə sistemindəki çətinliklərlə bağlı bir sıra region teatrları kimi bu teatrlar da 1949-cu ilin sonlarında bağlanır. Aktrisa üç dövlət teatrından – Naxçıvan, Gəncə və Gənc Tamaşaçılar teatrlarından dəvət alır. 1950-ci ilin martında Gəncə Dövlət Dram Teatrının direktoru, Xalq artisti Məhəmməd Burcəliyevin dəvəti ilə bu teatrı seçir və Gəncədə fəaliyyətini davam etdirir.
Xalq artisti Sədayə Mustafayevanın kino fəaliyyəti 1966-cı ildən başlayır. Kinorejissor Eldar Quliyevin diplom işi olan S.Qədirzadənin “Xəzan yarpaqları” hekayəsinin motivləri əsasında çəkilən qısametrajlı “Biri vardı, biri yoxdu” bədii filmi (quruluşçu rejissoru E.Quliyev) aktrisanın ilk debütüdür. Kinolentdə tənha qalmış iki nəfərin – qoca kişi ilə qarının nisgilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Filmdə əsas rollara Sədayə Mustafayeva və Sadıq Həsənzadə çəkiliblər.
Debütdən sonra kinorejissorların diqqətini cəlb edən aktrisa bir-birinin ardınca daha filmlərə dəvət olundu. Maraqlıdır ki, kinorejissorlar onu nədənsə Ana obrazları üçün daha çox dəvət edirdilər. Bununla da aktrisa Azərbaycan kinosunun tarixinə mahir ana obrazlarının yaradıcısı olaraq düşür.
1969-cu ildə kinorejissor Muxtar Dadaşovun Süleyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırdığı “Qanun naminə” bədii filmində yaratdığı Xatun obrazı aktrisanın yaddaqalan surətlərindən biridir. Filmdə Xatun ananın oğluna olan sədaqəti, onun səmimi söhbət və nəsihətləri aktrisanın ifasında azərbaycanlı qadınlarına xas olan xüsusiyyətləri ilə diqqəti cəlb edir. Qoca, sadə qadının mərd xüsusiyyətləri oğlu Mehmanın (Bimbolat Vatayev) yüksək mənəviyyatı şəxsində əks olunmaqla ana obrazının mülayim qadın simasının dəqiq ştrixlərində göstərilir.
Xalq artisti Sədayə Mustafayeva “Azərbaycanfilm”in istehsalı olan 20-dən artıq filmə çəkilib. “Qanun naminə”də Xatun, “Mən ki gözəl deyildim”də Gözəl, “Şərikli çörək”də Şamama, “Qayınana”da Mülayim, “Ölsəm bağışla”da Suğra xala, “Ağ atlı oğlan”da Mirvari nənə, “Həm ziyarət, həm ticarət”də Suğra xala, “Biri vardı, biri yoxdu”da Qadın, “Gün keçdi”də Əsmərin anası, “Qızıl ayaqlı qaz”da Şəfiqənin anası, “Var olun, qızlar”da Rüstəmin anası, “Firəngiz”də Məsmə, “Gümüşü furqon”da Mədinənin anası, “İlıq dənizdə buz parçası”nda Təqaüdçünün anası, “Cin mikrorayonda”da Ana, “İşarəni dənizdən gözləyin”də Komandanın anası, “Şəhərli biçinçilər”də Humay, “Azərbaycanfilm”in Amerika kinematoqrafçıları ilə birgə istehsalı olan “İlk körpü” (“Dağıdılmış körpülər”) filmində Əsmər obrazları aktrisanın böyük ustalıqla yaratdığı və yaddaşlarda yaşanan ana surətləridir.
Aktrisanın kino yaradıcılığındakı ana obrazları müxtəlif tipoloji status formasındadır. Bu filmlərdə hər bir dövrün konseptual məsələləri aktrisanın şəxsində obrazdaxili ifadə vasitələri ilə özünü göstərir. Belə maraqlı obrazlardan biri də Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1986-cı ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı
“Ölsəm, bağışla” bədii filmindəki Suğra xala obrazıdır. Qeyd etmək lazımdır ki, Xalq artisti Sədayə Mustafayeva kinorejissorlar içərisində daha çox Rasim Ocaqovun diqqətini cəlb edən sənətkarlardan olub. Belə ki, aktrisanı bir neçə filminə dəvət edən Rasim Ocaqov ona tapşırılacaq obrazların öhdəsindən böyük ustalıqla gələcəyinə inanıb.
1941-1945-ci illər müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən “Ölsəm, bağışla” bədii filmində aktrisanın ifasında Suğra xala ilk baxışda qayğısız, sakit görünsə də, bu mülayim qadın film boyu cəbhədən yenicə qayıdan oğluna qonşularının həyatından söhbət açır. O, oğlunu məhəllə xəbərləri ilə tanış etməklə yanaşı hadisələrə özünün münasibətini də bildirmiş olur. Xəstə oğlunun, həbsdə həlak olan həyat yoldaşının dərdi dözümlü ananın dilindən deyil, yalnız gözlərindən, ağarmış saçlarından oxunur. Aktrisa obrazın müxtəlif xarakterlərini tamaşaçıya sadələşdirilmiş bir formada çatdıra bilir. Suğra xala aktrisanın ifasında coşqun xarakterli qadın, oğlunun müharibədən gəlişinə sevinən adi bir insan kimi də göstərilə bilərdi. Lakin filmdəki rejissor traktovkasına xas olan həddən artıq millilik məhz Suğra xala obrazından süzülərək aqil Ana, təmkinli Azərbaycan qadını surəti olaraq böyük ustalıqla təqdim edilib.
Sədayə Mustafayeva 1994-cü ildə üç bədii filmə – Rasim Ocaqovun “Həm ziyarət, həm ticarət”, Ənvər Əblucun “Ağ atlı oğlan” və Amerika kinematoqrafçıları ilə birgə “Azərbaycanfilm”də çəkilən, kinorejissor Rafiq Puyyanın ekranlaşdırdığı “İlk körpü” (“Dağıdılmış körpülər”) bədii filmlərinə dəvət alıb. Bu filmlər aktrisanın son ekran yaradıcılığı hesab edilir.
Sədayə Mustafayeva Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1958-ci ildə “Əməkdar artist”, 1981-ci ildə “Xalq artisti” fəxri adlarına və 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Unudulmaz sənətkarımız 2004-cü il avqustun 13-də Gəncə şəhərində vəfat edib.
Anar BURCƏLİYEV
teatrşünas-tənqidçi