ABŞ-ın Vaşinqton şəhərində yerləşən Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center – CPC) nümayəndə heyəti Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasını (BTA) ziyarət edib.

Akademiyanın mətbuat xidmətindən bildiriblər ki, CPC-nin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi və CPC İdarə Heyətinin üzvü, ABŞ-ın Qazaxıstandakı sabiq səfiri Riçard Hoqland, proqram köməkçisi Ceremi Kohen və baş proqram meneceri Akbota Karibayevanın daxil olduğu nümayəndə heyəti ilə geniş fikir mübadiləsi aparılıb.

BTA-nın prezidenti Darxan Kıdırəli təşkilatın məqsədi, fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

ABŞ-da türkologiya sahəsinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan D.Kıdırəli qurumun bu ölkənin zəngin intellektual potensialından faydalanmaq üçün Birləşmiş Ştatlardakı təşkilatlarla əməkdaşlığa əhəmiyyət verdiyini söyləyib.

Əfqan Nifti BTA ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Nümayəndə heyətinin üzvü Riçard Hoqland isə uzun müddət Qazaxıstanda və Azərbaycanda çalışdığını, regiondakı prosesləri yaxından izlədiyini qeyd edib. Təcrübəli diplomat bölgənin beynəlxalq siyasi arenada əhəmiyyətinin artdığına diqqət çəkib.

Sonda Darxan Kıdırəli qonaqlara BTA tərəfindən nəşr olunan kitabları hədiyyə edib.