Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Ukraynada nəşr olunub. Kitabın Ukrayna Milli Ədəbiyyat Muzeyində təqdimat mərasimi keçirilib.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, tədbirdə Ukraynanın elm və ədəbiyyat xadimləri iştirak ediblər. Ukrayna Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr Boqomolov, tanınmış şərqşünas Qriqori Xalimonenko, Ukrayna Milli Elmlər Akademiyası Ukrayna Dili İnstitutunun direktoru, professor Pavel Qriçenko, dramaturq, professor Larisa Xorelets, Ukrayna Tərcüməçilər Birliyinin rəhbəri Sergey Borşevski, “Yaroslavov Val” nəşriyyatının direktoru, şair Svetlana Koronenko, Kiyev-Moqilyanski Akademiyası Milli Universitetinin professoru Fərhad Turanlı, Ukrayna Kitab İnstitutu Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Darina Stepanyuk çıxış edərək dahi şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
İlahi sevginin tərənnümünə, ədalətli cəmiyyət arzularının gerçəkləşməsinə xidmət edən böyük poeziyanın bu gün də öz aktuallığını qoruyub saxladığı, özünə əbədi, ümumbəşəri maraq və sevgi qazandırdığı bildirilib.
Dövlət Tərcümə Mərkəzi elm, təhsil və mədəniyyət idarəsinin rəhbəri, yazıçı-tərcüməçi Etimad Başkeçid şairin 880 illik yubileyi münasibətilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu qeyd edib, dahi şairin əsərlərinin dünya xalqları tərəfindən sevilərək öyrənildiyini bildirib.
Tanınmış şərqşünas alim, nizamişünas, professor Qriqori Xalimonenko Nizami irsinin Ukraynada tədqiqindən, Azərbaycan klassik ədəbiyyatının dünya poeziyasına təsirindən söz açıb.
Layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Ukrayna Milli Ədəbiyyat Muzeyinin direktoru Qalina Sorokeyə, “Yaroslavov Val” nəşriyyatının bir qrup əməkdaşına, layihənin koordinatoru Marina Qonçaruka və kitabın redaktoru Qriqori Quseynova Dövlət Tərcümə Mərkəzinin diplomları təqdim olunub.
Qeyd edək ki, “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabı Ukrayna dilinə şair Leonid Pervomayski tərcümə edib. Kitabın ön sözündə görkəmli şərqşünası alim Aqafangel Krımskinin Nizami haqqında məqaləsi verilib.