Öz istirahətini başqa şəhər və ölkələrdə keçirənlərin əksəriyyətini dincəlmək istədiyi məkanda yerli əhalinin tarixi keçmişi ilə mədəni səviyyəsi daha çox maraqlandırır. Ona görə də istirahət edən şəxs vaxtının çox hissəsini həmin məkanda mövcud olan muzeyləri, tarixi mədəni abidələri və tarixi yerləri ziyarət etməyə həsr edir.
   
   Mədəni turizm kimi səciyyələnən bu cür səfər və səyahətlər insanların özünüdərk səviyyəsinin və dünyagörüşünün yüksəlməsinə xidmət etməklə onların mənəvi dünyasına rahatlıq gətirir. Bu baxımdan Qazax rayonunda da mədəni turizmin inkişafı üçün geniş imkanlar var.
   Rayonda dövlət qeydiyyatına götürülmüş 46 memarlıq, 54 arxeoloji abidə, 7 monumental heykəltəraşlıq, 7 xatirə memorial və memarlıq kompleksləri, o cümlədən tarix diyarşünaslıq muzeyi, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi, Dövlət Rəsm Qalereyası, Heydər Əliyev adına Elm Mərkəzi, İtaliyanın milli qəhrəmanı, həmyerlimiz Tahir İsayevin ev-muzeyi, Dövlət Dram Teatrı, Səməd Vurğun Poeziya Evi və Qazax torpağının yetirdiyi görkəmli adamların şərəfinə yaradılmış Mütəfəkkirlər parkı fəaliyyət göstərir.
   Bu potensialdan səmərəli istifadə etməklə rayonumuzda mədəni turizmin inkişafına böyük təkan vermək olar. Lakin bu işə başlamazdan əvvəl həmin obyektlərdə hazırlıq işləri aparılmalıdır. Abidələrdə bərpa işləri görülməli, onların yaxınlığına gedən yollar yenidən qurulmalıdır.
   Məsələn, Daş Salahlı kəndindəki VII əsrə aid edilən ölkə əhəmiyyətli Alban məbədinin uçmaq təhlükəsi, Xanlıqlar kəndindəki VI-VII əsrlərə aid edilən ölkə əhəmiyyətli «Didəban qülləsi»nin gövdəsində əmələ gəlmiş təhlükəli çatlar, XII əsrdə inşa edilmiş dünya əhəmiyyətli Qırmızı (Sınıq) körpünün giriş hissəsinin çökməsi, 100 ildən çox yaşı olan qoşa günbəzli «İsrafil ağa hamamı»nın bərpa-təmir işlərinə ehtiyacı, tunc dövrünə aid dünya əhəmiyyətli «Baba Dərviş» arxeoloji abidəsinin ərazisində yerləşən qədim qəbiristanlığa gedən yolun əlverişli olmaması, I Şıxlı kəndindəki XIX əsrə aid türbənin sökülmüş dam örtüyü və şəhər qəbiristanlığındakı XIX əsrə məxsus 2 türbənin isə yarıya qədər uçmuş vəziyyəti burada təmir-bərpa işlərinin aparılmasını zəruri edir.
   Tarixi abidə kimi, Qori Müəllimlər Seminariyasının 1918-ci ildə Firudin bəy Köçərlinin rəhbərliyi ilə Qazağa köçürülmüş Azərbaycan şöbəsinin yerləşdiyi bina turistlər üçün ən maraqlı obyektlərdəndir. Bina Məşədi İbrahim Kosalının seminariya üçün bağışladığı 17 otaqdan ibarət olan şəxsi mülküdür. 1959-cu ilədək fəaliyyəti dövründə 3 minə qədər müəllim kadrı hazırlayıb xalqa xidmətə göndərmiş təhsil ocağının hər bir daşı-divarı savadsızlıqla mübarizə illərinin tarixindən xəbər verir. Hazırda 4 №-li orta məktəbin yerləşdiyi bu binada dahi şair S.Vurğunun təhsil aldığı sinif otağı ilə onun əyləşdiyi parta və burada yaradılmış muzeydə seminariyanın tarixini əks etdirən eksponatlar nümayiş etdirilir. Binanın sinif otaqlarının mədəni turizm tələblərinə cavab verə biləcək səviyyədə təmir-bərpasına ehtiyac var.
   
   Nofəl Qurbanov,
   Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar