Azərbaycan Rəssamlar İttifaqı və Karikaturaçı Rəssamlar Birliyinin üzvü, beynəlxalq sərgilərin, müsabiqələrin laureatı Kirman Abdin 62 illik ömrünün yarıdan çoxunu təsviri sənətə həsr edib.

Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rəssamlıq fakültəsində təhsil alan Kirman Abdin əsasən plakat ustası kimi tanınır. Sənətkarın yaradıcılığında prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) və qrafika əsərləri aparıcı yer tutur. O, xalqımızın tarixi-mədəni yaddaşında iz salan bir çox əlamətdar hadisələrə əsərlər həsr edib.

2020-ci ilin Vətən müharibəsində qazandığımız parlaq Qələbədən təsirlənən rəssam “Zəfər tarixinin şahidi” qrafik əsərini yaradıb. Prioqrafiya üsulu ilə işlənən əsərdə Zəfərin şahidi ağsaçlı anadır. Müəllif Qələbənin Şuşanın azad olunması ilə təmin edildiyini mədəniyyət paytaxtımızın rəmzi sayılan xarıbülbül çiçəyi, 28 illik işğal zamanı nisbətən salamat qalmış Yuxarı Gövhər ağa məscidi və Azərbaycan-Türkiyə birliyinin simvollaşdıran iki qardaş ölkənin birləşmiş bayraqları fonunda təqdim edib.

Rəssam “Nizami Gəncəvi İli”nə də əsər həsr edib. “Nizami–880” adlı triptix də prioqrafiya nümunəsidir. Mütəfəkkir şairin portretinin aparıcı yer tutduğu əsərdə Nizami irsinin bəşəriyyəti humanizmə, sülhə və elmə çağırması vurğulanır. Şairin ziyasının dilindən, dinindən və milliyyətindən asılı olmayaraq hər kəsə çatdığına işarə vurulur.

Qeyd edək ki, Kirman Abdinin Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (2012, 2016) və Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi zalında (2016) sərgiləri keçirilib. O, 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FECO) Azərbaycan qrupunun üzvüdür.