Ötən həftə GUAM-ın Kiyevdəki mənzil-qərargahında turizm üzrə işçi qrupunun 6-cı iclası keçirilib. İclasda GUAM-ın turizm operatorlarının, turizm agentliklərinin, Yaponiyanın Kiyevdəki səfirliyinin, “Turkish Airlines” aviaşirkətinin və GUAM Katibliyinin nümayəndələri iştirak ediblər. İclas iştirakçıları Tokioda keçirilmiş “JATA World Trade Fair 2010” Dünya Turizm Sərgisinin yekunlarını müzakirə ediblər.
İşçi qrupunun üzvləri GUAM-ın birgə turizm məhsulunun inkişafına dair Fəaliyyət Planının yerinə yetirilməsinin gedişini nəzərdən keçirərək, bələdçilərin hazırlanması prosesinə xüsusi diqqət yetiriblər. Bundan əlavə, GUAM-ın turizm məhsuluna maraq göstərən potensial tərəfdaşların - Yaponiya turizm operatorlarının siyahısının müəyyənləşdirilməsi və onların GUAM üzrə informasiya turlarına dəvət edilməsi barədə razılıq əldə edilib. İclasda həmçinin Yaponiya informasiya agentliklərinin nümayəndələri üçün mətbuat turlarının keçirilməsi barədə qərar qəbul edilib.
İşçi qrupunun üzvləri 2011-ci ilin fevralında Yaponiyada keçiriləcək turizm üzrə seminarın gündəliyini də təsdiq ediblər. Turizm üzrə işçi qrupunun növbəti iclasının 2011-ci il yanvarın sonlarında GUAM Katibliyində keçirilməsi qərara alınıb.
Fəxriyyə Abdullayeva