Türk xalqının yadelli işğala qarşı mübarizəsinin təşəkkülündə və Qurtuluş savaşında mühüm tarixi hadisə olan, Türkiyə Cümhuriyyətinin əsaslarını yaradan Ərzurum Konqresindən 102 il ötür. Ərzurum Konqresi sayəsində qəhrəman türk xalqı Mustafa Kamal Atatürkün ətrafında birləşərək milli azadlıq mücadiləsinə başladı. Ölkəni bürüyən aclıq və səfalətə baxmayaraq, vətənin azadlığı, yadelli istilaçıların vətən torpaqlarından qovulması hər vətəndaşın, ailənin, kəndin və şəhərin müqəddəs amalına çevrildi. Ərzurum Konqresi türk millətinin öz istiqlalından və dövlətindən imtina etməyəcəyi barədə milli iradəni dünyaya nümayiş etdirdi.

Ötən dövrdə bu konqresin tarixi  və məqsədləri barədə geniş araşdırmalar aparılıb. Alimlər və siyasətçilər birmənalı olaraq ifadə edirlər ki, Ərzurum Konqresi Osmanlı torpaqlarını bölüşdürməyə səy göstərən böyük güclərin mənfur niyyətlərinin qarşısını almaqla bərabər, bölgəyə sülh və əmin-amanlıq gətirib.

1919-cu il iyulun 23-də işə başlayan Ərzurum Konqresi Ərzurum, Sivas, Van, Bitlis, Diyarbəkir və Elazığdakı erməni silahlı birləşmələrinin təhlükəsini, eləcə də yunanların Trabzon, Rizə, Gümüşhanə, Ordu və Girəsuna olan əsasız iddialarını dəf etmək üçün tədbirlər görmək məqsədilə toplansa da, gələcək Türkiyə Cümhuriyyətinin qurulmasının mübarizə yolları məhz o tədbirdə müəyyən edilib.

Ciddi müzakirələrin aparılması, əsaslı təkliflərin, konkret yol xəritələrinin təqdim olunması ilə 14 gün (7 avqustadək) davam edən Ərzurum Konqresi “milli sərhədlər içində vətən bölünməz bir bütündür, parçalana bilməz”, “hər cür xarici işğal və müdaxilələrə qarşı millət sonadək özünü müdafiə edəcək və dirənəcək”, “Vətəni qorumağı və istiqlalı qazanmağı İstanbul hökuməti bacarmadığı təqdirdə bu missiyanı gerçəkləşdirmək üçün legitim bir hökumət qurulacaq”, “bu hökumətin üzvləri milli konqresdə seçiləcəklər” və digər müddəalar əsasında qərar qəbul edib.

Qeyd edək ki, hələ Birinci Dünya müharibəsindən əvvəl Osmanlı dövləti ərazisində məskunlaşan erməni silahlı birləşmələri vətəndaşı olduqları dövlətə xəyanət yolunu seçərək, yerli türk və müsəlman əhaliyə qarşı amansız cinayətlər törədiblər. Xəyanət və törətdikləri ağır cinayətlər erməni millətçi dairələrini elə həvəsləndirmişdi ki, onlar Anadolunun şərqində əhalini kütləvi şəkildə soyqırımına məruz qoyaraq bu bölgələrin boşaldılacağına və gələcək erməni dövlətinin qurulacağına inanırdılar. Ərzurum Konqresinin ən böyük uğurlarından biri Anadolunun şərqindəki erməni quldur birləşmələrinin cinayətlərinin qarşısının alınması istiqamətində görüləcək tədbirlər oldu. Yerli əhalini bu istiqamətdə səfərbər etmək üçün real addımların atılmasına başlanıldı. Bütün bunlara baxmayaraq, erməni silahlı birləşmələri ağır cinayətlərini davam etdirməkdə idi.

O dövrdə erməni millətçilərinin Osmanlı dövlətinə qarşı xəyanət və cinayətləri barədə müəyyən təsəvvür yaratmaq üçün bəzi faktları qeyd edək:

– 1989-cu ildə İğdırın Hakmehmet kəndində aparılan qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıqda 51 türkün cəsədi aşkarlanıb. Kənd sakinlərinin məlumatlarında isə bildirilir ki, 102 il əvvəl erməni vandalların törətdiyi qətliamda 83 nəfər xüsusi amansızlıqla öldürülüb.

– Qarsdakı Ulu məsciddə törədilən soyqırımı cinayəti nəticəsində erməni silahlı birləşmələri aralarında qadın, qoca və uşaqların da olduğu 360 türkü məscidə dolduraraq diri-diri yandırıblar.

– Arxiv sənədləri ilə təsdiq olunur ki, Osmanlı ordusunda xidmət edən erməni əsilli hərbi həkim zəhərli iynə ilə 1915-1916-cı illərdə ən azı 40 türk əsgərini öldürüb. Erməni həkim məhkəmədə cinayətini etiraf edərək əməlindən peşman olmadığını ifadə edib.

Saxta “erməni məsələsi”ndən doğaraq türk xalqına qarşı törədilən erməni cinayətləri o qədər geniş və amansızdır ki, bunlar haqqında, sadəcə, yuxarıda qeyd etdiyimiz üç fakt əsasında aydın təsəvvür yaratmaq mümkünsüzdür. Bu müqayisəni aparmaqda məqsədimiz Ərzurum Konqresinin gündəliyində mühüm məsələ kimi yer alan erməni silahlı birləşmələrinin davam etdirdiyi cinayətlərin qarşısının alınması barədə qərarın nə qədər mühüm olduğunu diqqətə çatdırmaqdır.

Əsasən 1914-cü ildən başlayan erməni cinayətləri 4-5 il sonra Anadolunun şərqində türk-müsəlman əhaliyə qarşı ağır soyqırımı cinayətlərinə çevrildi. Bu cinayətlərin ən ciddi təsdiqi İğdır, Qars, Ərzurum və digər vilayətlərdə üzə çıxarılması davam etdirilən kütləvi məzarlıqlardır. Bir mühüm məsələni də qeyd etməliyik ki, nə Anadoluda, nə Qafqazda, nə İranın Şərqi Azərbaycan vilayəti daxil olmaqla Araz sahili bölgələrində, nə də indiki Ermənistanda ermənilərə aid kütləvi məzarlıq aşkarlanmayıb. Adıçəkilən bölgələrdə üzə çıxan bütün kütləvi məzarlıqlar türk-müsəlman əhaliyə aiddir.

Mehparə SULTANOVA
Ankara