İyulun 29-30-da İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilib. Tədbir Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr idarəsinin ev sahibliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbir çərçivəsində Türk Şurasının Media və informasiya sahəsində Koordinasiya Komitəsinin birinci iclası da keçirilib.
Türkiyə Prezidenti Administrasiyası İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunun iştirakçılara ünvanlanan videomüraciətində Türk Şurasının ölkələrimiz arasında mövcud möhkəm əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. F.Altun ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, ünsiyyət sahəsində də həmrəyliyin və əməkdaşlığın dərinləşdirildiyini, dezinformasiyaya qarşı mübarizədə uzun bir yol keçən Türkiyənin bu sahədə təcrübəsinin üzv ölkələr üçün də faydalı olacağına ümid etdiyini söyləyib.
Treninqə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, eləcə də Türk Şurasında müşahidəçi statusu olan Macarıstanın dövlət qurumlarının təmsilçiləri qatılıblar. “Sosial media istifadəçiləri və dezinformasiyaya qarşı mübarizə”, “Türkiyədə internet hüququ və tətbiqlər”, “Texnoloji transformasiya və kibertəhlükəsizlik təhdidləri” və digər mövzularda müzakirələr aparılıb.
“Qarabağ müharibəsində sosial mediadan istifadə imkanları və dezinformasiyaya qarşı mübarizə” mövzusunda təlimdə 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın sosial informasiya sahəsində üzləşdiyi ikili standartlar, ölkəmizin haqlı mübarizəsinin dünyanın müxtəlif sosial resursları tərəfindən yanlış təqdim edilməsi, bu hallara qarşı mübarizə metodları, Türkiyənin bu kibermübarizədə Azərbaycana verdiyi dəstək və Türkiyə təcrübəsi müzakirə olunub.
Proqramın keçirilməsində əsas məqsəd üzv ölkələr arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, sosial mediada dezinformasiyalara qarşı mübarizə, sosial şəbəkələrin ortaq istifadəsi, bu sahələrdə təcrübələrin mübadiləsinin aparılmasıdır.