İspaniya koronavirus əleyhinə vaksinasiya üzrə liderdir

 

İspaniya dünyada əhalinin ən sıx yaşadığı 50 ölkə arasında koronavirus əleyhinə vaksinləmə üzrə ilk sıradadır. İspaniya Səhiyyə Nazirliyinin hesabatına görə, ölkənin 25,9 milyon sakini artıq tam vaksinləmədən (2 doza) keçib və bu, əhalinin 55,4 faizini təşkil edir. Bildirilir ki, vaksinləmə planı əhalinin daha həssas qrupunun müdafiəsinə və xəstəxanaya yatırılma hallarının azaldılmasına şərait yaradır.

İspaniyanın Baş naziri Pedro Sançes vəd edib ki, əgər bu temp saxlanılsa, avqustun sonunadək əhalinin 70 faizi tam peyvəndləmədən keçə bilər.

Almaniyada da əhalinin 50 faizindən çoxuna koronavirus əleyhinə vaksinin iki komponenti vurulub. Ölkənin səhiyyə naziri Yens Şpan bildirib ki, iyulun 28-dək Almaniya əhalisinin hər iki nəfərindən biri (50,2 faiz və ya 41,8 milyon nəfər) koronavirusdan qoruma ilə təmin olunub, vətəndaşların 61,1 faizinə (50,85 milyon nəfər) isə bir peyvənd dozası vurulub. “Nə qədər çox insan vaksinasiyadan keçsə, payız və qış daha təhlükəsiz olacaq”, - deyə o vurğulayıb.