“Otuz ildir Qarabağ məsələsini dünyaya çatdırıram”
Hər zaman görəndə ki, dünya haqq sözə göz yumub, fotolarımla ədalətin bərpa olunacağına inanmışam. Bir çox ölkədə siyasi səbəblərə görə insanlara səhv məlumat verilir. Mən həmin insanların gözünü açmağa çalışmışam. Çox zaman Avropada, əsasən də Fransada dünyada baş verən hadisələri cəmiyyətə olduğu kimi çatdırmırlar. Mən orada sərgilər təşkil edir, insanlara fotolarımla həqiqəti göstərməyə çalışıram.
Dünya şöhrətli fotoqraf soydaşımız Rza Diqqəti (Reza Deqati) bu sözləri iyulun 31-də Heydər Əliyev Mərkəzinin önündə açıq havada təşkil olunan “Fotoların tarixi” adlı sərgisində deyib.
“Mən otuz ildir Qarabağ məsələsini dünya ictimaiyyətinə çatdırıram. Fransada təşkil etdiyim sərgidə erməni diasporu mənimlə razılaşmayıb, hətta sərgimi pozmağa çalışıb. Əfqanıstan, Ruanda, Sarayevo məsələlərində də eyni hallarla qarşılaşmışam. Kimsə mənimlə razılaşmayanda fakt olaraq fotolarımı göstərirəm”, – deyə fotoqraf bildirib.
Sərgilənən fotoları haqda məlumat verən R.Diqqəti Azərbaycanın tolerant ölkə olduğunu bildirib: “Rus pravoslav kilsəsi sovet dövründə bağlanıb, anbar və idman zalı kimi istifadə edilib. 1990-cı ildə baş vermiş qanlı 20 Yanvar hadisələrində sovet qoşunları Bakıda qırğın törədəndə atılan güllələr kilsəyə də ziyan vurub. 2000-ci ildə azərbaycanlı iş adamı Aydın Qurbanov kilsəni öz vəsaiti hesabına bərpa etdirib. Bu, azərbaycanlıların tolerant olduğunu göstərən nümunələrdən biridir”.
O, Birinci Qarabağ müharibəsində Şuşada olarkən çəkdiyi foto barədə danışarkən deyib: “O vaxt yollar bağlı idi. Dağlarda uzun və çətin yürüşdən sonra mən Şuşa şəhərinə çatdım. Blokada zamanı artilleriya atəşi şəhərin əksər hissələrini məhv etmişdi və buna görə də azərbaycanlı əsgərlər Şuşadakı məktəbdən yaşayış yeri kimi istifadə edirdilər. O vaxt cəsur əsgərlər lazımi təchizatların çatışmazlığı səbəbindən əziyyət çəkirdilər. 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri şəhəri ələ keçirdilər. 28 il sonra, 2020-ci il noyabrın 8-də şiddətli döyüşlər nəticəsində Azərbaycan əsgərləri ən təhlükəli və çətin dağ yollarını aşaraq şəhəri geri qaytardılar. Mən oraya qayıdanda bütün evlərin, məscidlərin, muzeylərin, tarixi abidələrin, məktəblərin, qəbiristanlıqların məhv edildiyini gördüm. Bu isə erməni faşizminin mahiyyətini göstərir”.
R.Diqqəti çəkdiyi digər fotoların da tarixindən danışıb, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin suallarını cavablandırıb.
Sərgidə məşhur fotoqrafın 100 fotosu nümayiş etdirilir.