İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm sahəsi üzrə rəsmilərinin Tehran toplantısı maraqlı müzakirələrlə yadda qalıb
   
   Xəbər verildiyi kimi, noyabrın 28-dən dekabrın 2-dək İranın paytaxtı Tehranda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin toplantısı və turizm nazirlərinin yeddinci iclası keçirilib. Azərbaycanı bu tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev və Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edib. 
      
   M.Qəhrəmanovun qəzetimizə verdiyi məlumata görə, noyabrın 28-də işə başlayan İKT-yə üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin iclasında 29 ölkə və İKT-nin 9 qurumu təmsil olunub. İclasın birinci günü İKT-yə üzv ölkələrin Katibliyi tərəfindən Turizm üzrə Çərçivə Sənədinin icrasına dair məlumat verilib və bu haqda hazırlanmış hesabat dinlənilib. İclasın növbəti sessiyalarında isə İndoneziyada turizm xidməti infrastrukturlarının inkişafına, İranın Turizm üzrə Araşdırmalar və Təlim Mərkəzinin fəaliyyətinə, Malayziyada turizm bazarının vəziyyətinə dair məlumatlar verilib. Bundan əlavə, İslam mədəniyyəti, tarixi, turizmi və irsini təbliğ edən, həmçinin bu sahədə araşdırmalar aparan və təlimlər həyata keçirən qurumların, İslam İnkişaf Bankının hesabatları dinlənilib.
   İclasın ikinci günü İKT-yə üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərindən ibarət olan İşçi Komitənin iclası baş tutub. Bu iclasda qurum üzvü olan ölkələr arasında Turizmin inkişafına dair Qətnamənin və Tehran Bəyannaməsinin layihələri hazırlanıb.
   İKT-yə üzv ölkələrin turizm nazirlərinin yeddinci iclası noyabrın 30-da başlayıb. M.Qəhrəmanovun sözlərinə görə, iclası İslam Konfransı Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin altıncı iclasına sədrlik edən Suriya Ərəb Respublikasının turizm naziri Saad Alah Alqal açıb. Təbrik nitqindən sonra o, sədrliyi dövründə görülən işlərə dair hesabat verib: “Çıxışından sonra Suriya naziri qurumum yeddinci iclasında sədrliyi İran İslam Respublikasının Mədəni İrs, Əl sənətkarlığı Sənayesi və Turizm Təşkilatının sədri Həmid Bəqayiyə təhvil verdi. Həmid Bəqayi, eləcə də İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Dünya Turizm Təşkilatının regional nümayəndəsi Abdel Qhaffar çıxış etdilər. İclasda İKT-yə üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərindən ibarət İşçi Komitə tərəfindən hazırlanan və quruma üzv ölkələr arasında turizmin inkişafına həsr olunmuş qətnamənin və Tehran Bəyannaməsinin layihələri təsdiqləndi”.
   Bundan əlavə, toplantıda təşkilata üzv ölkələr arasında mədəni turizm marşrutlarının inkişaf etdirilməsi, ölkələrin turizm potensialının vahid portalın yaradılması vasitəsilə təbliği və turizm məhsullarının bazarda irəliləməsi, sağlamlıq və dini turizm növlərinin inkişaf etdirilməsi, ölkələr arasında ekoloji turizmin inkişaf etdirilməsinin diqqətdə saxlanması, ölkələr arasında viza rejiminin sadələşdirilməsi, İslam dəyərlərinin qorunması və turizm məqsədləri üçün istifadə olunması, əl sənətkarlığı nümunələrinin inkişaf etdirilməsi və turizm məqsədləri üçün istifadə olunması, mədəni dəyərləri özündə əks etdirən festivalların keçirilməsi, İKT-yə üzv ölkələr arasında turizm yarmarkalarının təşkil olunması kimi məsələlər müzakirə edilib.
   İclasın sonunda İslam Konfransı Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 8-ci iclasına 2012-ci ildə sədrliyin Sudana verilməsi qərara alınıb.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar