«Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr» mövzusunda elmi-praktik konfrans keçirildi
   
   Dekabrın 3-də Azərbaycan Turizm İnstitutunda «Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr» mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, AMEA-nın Əlyazmalar, Şərqşünaslıq institutlarının, Qafqaz Universitetinin əməkdaşları, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, ATİ-nn müəllim və tələbələri iştirak edirdilər. 
      
   Konfransı giriş sözü ilə açan ATİ-nin rektoru Cəfər Cəfərov iştirakçıları salamlayaraq tədbirin mövzusunun aktuallığını diqqətə çatdırdı: «Xalqı xalq edən, toplumdan fərqləndirən faktorlardan biri onun mədəni irsinin zənginliyidir. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan zaman-zaman mədəniyyətlərarası dialoqa körpü olub. İnanıram ki, bu konfrans da mənəvi yaddaşımızın bayramı kimi iştirakçıların xatirində qalacaq».
   Sonra söz konfrans iştirakçılarına verildi. İlk məruzəni AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, dosent Kamandar Şərifli etdi. O, konfrans iştirakçılarını «Azərbaycan əlyazma kitabının təşəkkülü və inkişafı» üzrə aparılan araşdırmalarla tanış etdi. K.Şəriflinin sözlərinə görə, əlyazma kitabları əsrlərdən bəri uzun bir yol keçərək, bu günümüzə gəlib çıxıb: «İlk əlyazma kitabının mənşəyi Şumer lövhələrindən başlayır, sonra papirus üzərində, dəri üzərində yazılar gəlir. Dəri üzərində yazılan kitablardan indiyə qədər qorunub saxlanan xeyli nümunələr var. Məsələn, bizim Əlyazmalar İnstitutunda Qurani-Kərimin «Qələm» surəsinin dəri üzərində yazılmış nüsxəsi var ki, bunun da tarixi IX əsrə gedib çıxır. Bu çox dəyərli bir abidədir».
   K.Şərifli bildirdi ki, əlyazma və kitab mədəniyyəti müxtəlif vaxtlarda təşəkkül tapıb: «Yəni əlyazmalar ayrı-ayrı evlərdə, emalatxanalarda, şah saraylarında xəttatlar, rəssamlar tərəfindən yazılıb. Orta əsrlərdə kitab çapçılığı olmadığından bu işlə xüsusi insanlar məşğul olublar. Onlar klassiklərin əsərlərini nüsxədən-nüsxəyə köçürərək yayıblar. Bu kitablar bütün dünyaya yayıldığından təbii ki, onların hamısı gəlib bizə çatmayıb. Müharibələr, digər tarixi proseslər, hadisələr nəticəsində əlyazmaların çoxu məhv olub, bir qismi xarici ölkələrə aparılıb. Elə əsərlər var ki, biz onların çox nadir əlyazmalarını axtarıb dünyanın müxtəlif kitabxanalarından tapırıq. Azərbaycan tarixinə dair müxtəlif mənbələrdə məlumatlar var, amma bu kitabların heç də hamısını əldə edə bilmirik».
   Bununla yanaşı, alimin sözlərinə görə, Azərbaycan klassiklərinin əsərlərinin dünyaya yayılmasının müsbət tərəfi də var: “Avropanın, Asiyanın, Afrikanın mədəniyyət mərkəzlərində, kitabxanalarında Azərbaycan ədiblərinin, mütəfəkkirlərinin əsərləri onlarla, yüzlərlədir. İndi bizim əsas işimiz bu abidələrin heç olmasa surətini əldə edib fonda toplamaqdır. Topladığımız bu əlyazmalar gənc tədqiqatçılarımız tərəfindən öyrənilir və bu iş gələcəkdə də davam etdiriləcək».
   Sonra tarix elmləri doktoru Tahirə Həsənzadə «Avropalı səyyahlar Təbrizdə» mövzusunda məruzə etdi. Tədbirin üçüncü çıxışçısı isə tarix elmləri doktoru Fərid Ələkbərli oldu. Onun «Səyahətnamələrdə tibb» mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
   Konfransı C.Cəfərov yekun sözlə tamamladı. Rektorun fikrincə, böyük-kiçikliyindən asılı olmayaraq, hər bir xalq öz sərvətinə sahib çıxmağı bacarmalıdır: «Deməli, şərt mədəni sərvətin olmasında deyil, onun necə qorunmasında, nəsildən-nəsilə çatdırılmasındadır. Bu tədbirin əsas nəticəsi də məhz bu dəyəri özündə ehtiva edir».
   Sonda konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim edildi.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar