Dubayın dünya şöhrətli lüks hotel şirkəti, «Dubay Holding»in tərkibinə daxil olan «Jumeirah Group» və Azərbaycanın «Azinco Holding» şirkəti arasında «Venue Bilgah Hotel»in (Bilgəh qəsəbəsi, Bakı) idarə olunması haqqında müqavilə imzalanıb.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Orucludan aldığımız məlumata görə, Xəzər dənizi sahilində inşa olunacaq hotel 2011-ci ildə istifadəyə veriləcək. Mehmanxana Dubay şəhərindəki məşhur «Jumeirah Beach» hotelinə oxşar üslubda - dalğavari şəkildə inşa edilir. Yerli memar Nazim Vəliyev tərəfindən layihələşdirilmiş hoteldə 176 nömrə, restoran və barlar, ənənəvi türk və fin hamamları ilə təchiz olunmuş 300 kv. metrlik SPA mərkəz, qapalı və açıq üzgüçülük hovuzları, 1500 kv. metrlik konfrans zalı və s. olacaq. Hotel kompleksinə 14 villa da daxil olacaq.
   «Venue Bilgah Hotel»in idarə olunması ilə bağlı müqavilə «Jumeirah Group»un Azərbaycanda imzaladığı ilk müqavilədir. Bu saziş «Jumeirah Group»a daxil olan və qurumun idarə etdiyi müəssisələrin sayını 49-a çatdırır.
   Xatırladaq ki, Dubayın «Jumeirah Group» şirkəti «Dubai Holding» Şirkətlər Qrupunun üzvü olaraq dünya hotel və istirahət mərkəzlərinin idarəçiliyində özünəməxsus yer tutur. «Jumeirah Hotels & Resorts»un tərkibinə Dubaydakı «Burj Al Arab», «Jumeirah Beach», «Jumeirah Emirates Towers», «Madinat Jumeirah», «Jumeirah The Meydan and Jumeirah Bab Al Shams» otelləri, Londonda «Jumeirah Carlton Tower» və «Jumeirah Lowndes Hotel», eləcə də Nyu-Yorkda «Jumeirah Essex House» kimi brendlər daxildir. Bir qədər əvvəl «Jumeirah Group» müasir hotellər brendi kimi tanınan «Venue» hotellərinin idarəçiliyinə də başlayıb.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar