Dekabrın 3-dən 6-dək Gürcüstanın Batumi şəhərində “Bələdçi-tərcüməçilərin hazırlanması və Qafqaz ölkələrinin ümumi birliyinin yaradılması” mövzusunda forum keçirilib. Forumun işində Azərbaycan nümayəndə heyətinin tərkibində Turizm İnstitutunun Turizm işinin təşkili və idarə edilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Nəsir Nəsirli də iştirak edib.
N.Nəsirlinin sözlərinə görə, Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə gerçəkləşən forumun işində Azərbaycandan 10 nəfər iştirak edib: “Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov «Azərbaycanın ekoturizm marşrutları», Asya Şirəliyeva «Azərbaycan və regionda sərhədyanı turizm»mövzusunda məruzə etdilər. Mənim çıxışım isə «Bələdçi-tərcüməçilərin hazırlanmasının elmi əsasları» üzərində qurulmuşdu». Forumda iştirak edən “İmprotex” şirkətinin nümayəndəsi Cəmilə İsgəndərzadənin «Azərbaycanın ekoturizmi barədə» təqdimatı marağa səbəb olub.
Tədbirdə Türkiyənin, Gürcüstanın, Ermənistanın müvafiq qurumlarının struktur rəhbərləri də iştirak ediblər: «Ermənistandan foruma qatılan nümayəndələr yenə də öz xislətlərinə uyğun çıxış edərək tədbir fəaliyyətə başlamazdan əvvəl gündəliyə aidiyyəti olmayan, guya XX əsrə aid edilən bir xəritənin nümayişinə cəhd göstərdilər. Amma onların bu cəhdi baş tutmadı”.
Tədbirin sonuncu günü iştirakçılar Qafqaz regionunda turizm bələdçilərinin fəaliyyətini tənzimləyən assosiasiyanın yaradılmasını qərara alıblar. Forumun təşkilatçısı GTZ-dən bu təşəbbüsə ilkin razılıq barədə müsbət rəy alınıb. «Bələdçi-tərcüməçilərin hazırlanması və Qafqaz ölkələrinin ümumi birliyi»nin yaradılması mövzusunda növbəti forumun Bakıda, yaxud Türkiyənin müvafiq şəhərlərinin birində keçirilməsi məsələsi müzakirə edilib.
Fəxriyyə Abdullayeva