Yeniyetmə ifaçıya yeni nailiyyətlər diləyi ilə
Bu günlərdə Üzeyir Hacıbəylinin Ev-Muzeyinə bəstəkarın xalası nəvəsi, Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Nərminə xanım Əliverdizadə zəng etdi. O, şagirdi Zərrin Şükürün bu məkanda çıxışı üçün muzey rəhbərliyindən icazə istəyirdi.
Müəyyənləşdirdiyimiz gün onlar muzeyə gəldilər. Məlum oldu ki, Nərminə müəllimənin şagirdi Zərrin Şükür Ü.Hacıbəyli adına BMA-nın nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının və Bakı Atatürk liseyinin 7-ci sinfində təhsil alır. Müəlliməsi onun uğurlarından söhbət açdıqca, doğrusu, bu yeniyetmə musiqiçinin bacarığına heyran qaldıq. Öyrəndik ki, Zərrin 2016-cı ildə “Kainat” Gənclik Mərkəzinin layihəsi üzrə keçirilən İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsində ən kiçik iştirakçı diplomu ilə, 2017-ci ildə Bakıda “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalında diplom ilə təltif edilib. Yenə 2017-ci ildə Bakıda keçirilən klassik və folklor musiqisi üzrə I Beynəlxalq müsabiqədə laureat olub.
İstedadlı yeniyetmənin uğurları bununla bitmir. O, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq festivalın fortepiano üzrə yarışmasında II dərəcəli laureat adına layiq görülüb. Bundan əlavə, 2019-cu ildə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Simurq” musiqi festivalı-müsabiqəsinin I dərəcəli laureatı olub.
Zərrin Şükürün öz müəlliməsi Nərminə Əliverdizadə ilə birlikdə milli ladda bir işləməsi və iki bəstəsi 2017-ci ildə Moskvada elmi nəşrlər jurnalında dərc edilib.
Nərminə müəllimənin ən istedadlı şagirdlərindən olan Zərrin pianoçu kimi bir çox xarici ölkənin professor və müəllimlərindən mütəmadi olaraq ustad dərsləri alıb və hazırda da almaqda davam edir.
Muzeyimizdə keçirilən tədbirdə Nərminə Əliverdizadə öz şagirdi ilə qürur duyduğunu və onun gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını söylədi.
Sonra Zərrin royal arxasına keçərək öz bəstələrindən nümunələr səsləndirdi. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının yaranması və onun premyerası haqqında ingilis dilində çıxış etdi. Bu çıxış əsasında videoçarx hazırlandı. Videoçarxın hazırlanmasında məqsəd Üzeyir Hacıbəyli irsinin ölkə hüdudlarından kənarda təbliğidir. Zərrin öz çıxışında bu təbliğat işində, kiçik də olsa, əməyi olduğundan qürur duyduğunu vurğuladı.
Muzeydə çəkilmiş videoçarx 18 sentyabr – Milli Musiqi Günündə yeniyetmə pianoçunun özünün “Ztempo” adlı “Youtube” kanalında yayımlanacaq.
Çıxışından sonra istedadlı şagird bütün uğurlarına görə Nərminə xanım Əliverdizadəyə öz dərin təşəkkürünü bildirdi və müəlliməsinin onun üçün çəkdiyi zəhməti heç zaman itirməyəcəyinə söz verdi.
Tədbirin sonunda muzeyin kollektivi adından qonaqlara təşəkkürümüzü bildirdik, belə istedadlı, zəhmətsevər azərbaycanlı gənclərin daha da çox olmasını arzuladıq. Bəstəkarın muzeydəki büstünün önündə xatirə fotoları çəkdirildi.
Gülnarə ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri