Azərbaycan

 

20 avqust 1901 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 – 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

20 avqust 1912 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 – 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.

20 avqust 1926 – Filosof, şair, tərcüməçi, Əməkdar elm xadimi, akademik Aslan Məhəmməd oğlu Aslanov (1926 – 23.8.1995) Qazax rayonunda anadan olub. Dövlət İncəsənət Universitetinin rektoru olub, “Qızlar və bənövşələr”, “Nəğməli günlərim” və s. şeir kitablarının müəllifidir.

20 avqust 1929 – Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.

20 avqust 1932 – Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.

 

21 avqust 1930 – Tanınmış ədəbiyyatşünas, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 – 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib. 

21 avqust 1951 – Əməkdar artist Təvəkkül Əjdər oğlu Əliyev (1951 – 22.1.2017) anadan olub. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında fəaliyyət göstərib, filmlərdə çəkilib.

 

22 avqust 1922 – Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 – 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ömür-gün yoldaşı olub, Bülbülün memorial muzeyinin direktoru işləyib.

22 avqust 1978 – Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev (1917–1978) vəfat edib. II Dünya müharibəsinin iştirakçısı olub, əsirlik, sonra Sibirdə sürgün həyatı yaşayıb. Rəngkarlıq və qrafika əsərlərinin müəllifidir, teatr tamaşalarına səhnə tərtibatı verib.

 

23 avqust 1922 – Tarixçi alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 – 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.

23 avqust 1943 – Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943 – 12.8.1992) anadan olub. “Dağlarda döyüş”, “Yeddi oğul istərəm”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və s. filmlərdə çəkilib. “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərinin quruluşçu rejissorudur, filmlərin səsləndirilməsində iştirak edib.

 

24 avqust 1896 – Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya mühacirət edib. Miçiqan Universitetində dərs deyib, “İslam incəsənəti” jurnalının redaktoru olub.

24 avqust 1926 – Əməkdar incəsənət xadimi, bəstəkar, musiqi redaktoru Nazim Ağalar oğlu Әliverdibәyov (1926 – 16.2.1985) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub. “Mingəçevir” simfonik poeması, “Cırtdan” nağıl-operası və s. əsərlər, filmlərə musiqi yazıb.

24 avqust 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Əkbər Zərbalı oğlu Cəfərov (1933-1990) vəfat edib. Tovuz rayonunun Bozalqanlı kəndində doğulub. “Leyli və Məftun” dastanının, çoxsaylı şeirlərin müəllifidir.

 

Dünya

 

20 avqust 1847 – Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski; 1847–1912) anadan olub. “Kukla”, “Firon” və s. romanların müəllifidir.

20 avqust 1901 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901–1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

 

21 avqust 1871 — Rus yazıçısı Leonid Andreyev (1871–1919) anadan olub. Rus ədəbiyyatında ekspressionizmin banisi sayılır. Əsərləri: “İuda İskariot və başqaları” (roman), “Savva”, “Bizim həyatın günləri” (pyes) və s.

21 avqust 1925 – Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925–2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

 

22 avqust 1862 – Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862–1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.

22 avqust 1920 – Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920–2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.

 

23 avqust 1851 – Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.

23 avqust 1880 – Rus yazıçısı Aleksandr Qrin (Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

 

24 avqust 1899 – Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.

24 avqust 1903 – İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland; 1903-1980) anadan olub.

Hazırladı:  Vüqar ORXAN