Dekabrın axırınadək ziyarət üçün açıq olacaq
“YARAT” Müasir İncəsənət Mərkəzində açılan “XX əsrin son çiçəkləri: Y nəsli” adlı qrup sərgisi davam edir. Sərgidə Azərbaycan, Gürcüstan, İsrail və Ukraynadan olan gənc rəssamların əsərləri yer alıb.
“Y nəsli” və ya “milleniallar” – XX əsrin son onilliklərində (80-90-cı illər) doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin “son çiçəkləri” sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.
Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.
“XX əsrin son çiçəkləri: Y nəsli” sərgisi 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk, Roman Himey və Saşa Kurmazın (hər üçü Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.
Dekabrın 30-dək ziyarət üçün açıq olacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.