Xəbər verdiyimiz kimi, avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilər təşkil edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərlə tanış olublar.
“Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” sərgisi Şuşa Rəsm Qalereyasında açılıb.
Qarabağın otuz ilə yaxın işğal altında qaldığı dövrdə talan edilən muzeylərdə bir çox qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və görkəmli şəxsiyyətlərimizin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Talan və məhv edilən həmin eksponatların bir çoxu təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.
Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq əsərlərində əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.
Sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Əbdürrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Ekspozisiyada Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində Qələbə mövzularına geniş yer verilib.
Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” tabloları, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri var.
***
Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunan Şuşa Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi təşkil edilib.
Burada Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.
Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır.
“Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.
***
Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada təşkil edilən daha bir sərgi “Yaddaş. Fotoqrafik tarix” adlanır.
Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək bir sıra rayon və şəhərlər yerlə yeksan olunub.
Ziyarətçilərə həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.