Avqustun 30-da Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Beynəlxalq İtkin Düşənlər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə AMM-in həyətindəki “Şəhidlər bağı”nda Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan abidənin qarşısına gül-çiçək qoyulub.
AMM-in direktoru Samir Abbasov çıxış edərək Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 4 minə yaxın soydaşımızın itkin düşdüyünü diqqətə çatdırıb.
Sonra qonaqlar AMM-in foyesində Beynəlxalq İtkin Düşənlər Gününə həsr olunmuş foto və kitablardan ibarət sərgi ilə tanış olublar. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova itkin düşmüş şəxslərin taleyi, onların axtarışı barədə danışıb.