Azərbaycan

 

4 sentyabr 2003 – Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə  (29.12.1921 – 2003) vəfat edib. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir.

 

5 sentyabr 1892 – Tanınmış tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 – 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub.

5 sentyabr 1935 – Xalq artisti, məşhur aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 – 27.6.2013) anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”), kinoda (“Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “O dünyadan salam” və s.) yaddaqalan obrazlar yaradıb.

5 sentyabr 1942 – Yazıçı-dramaturq, şair Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev; 1942 – 21.4.2021) Naxçıvan şəhərində anadan olub.

5 sentyabr 2007 – Aktyor Şahin Cəbrayılov (29.10.1949 – 2007) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

 

6 sentyabr 1945 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (18.4.1873 – 1945) vəfat edib. Şuşada dünyaya gələn sənətkar Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb. Görkəmli müğənni Rəşid Behbudovun atasıdır.

6 sentyabr 2015 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (16.7.1958 – 2015) vəfat edib. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.

 

7 sentyabr 1914 – Teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 – 19.9.1973) Bakıda anadan olub. Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.

7 sentyabr 1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.

7 sentyabr 1989 – Şair Hafiz Həbib oğlu Baxış (15.10.1932 – 1989) vəfat edib. Sözlərinə populyar mahnılar bəstələnib.

 

Dünya

 

4 sentyabr 1904 – Fransız kinorejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi),  “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.

4 sentyabr 1952 – Hind aktyoru Rişi Kapur (1952 – 30.4.2020) anadan olub. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı” və s.

 

5 sentyabr 1568 – İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella; 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.

5 sentyabr 1817 – Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.

5 sentyabr 1912 – Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub.

5 sentyabr 1946 – Əslən iranlı olan Britaniya rok müğənnisi, “Queen” qrupunun lideri Freddi Merkuri (Freddie Mercury – əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.

 

6 sentyabr 1928 – Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.

6 sentyabr 2007 – Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 – 2007) vəfat edib.

 

7 sentyabr 1726 – Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.

7 sentyabr 1870 – Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870–1938) anadan olub. “Molox”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta”, “Qranat qolbağı” və s. roman-povestlərin müəllifidir.

7 sentyabr 1909 – Yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu; 1909–2003) İstanbulda anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).

Hazırladı:  Vüqar ORXAN