Polad Bülbüloğlu Qırğızıstanın “Dostluq” ordeni ilə təltif olunub

 

Müstəqilliyinin 30 illiyini qeyd edən Qırğızıstanın Prezidenti Sadır Japarov əlamətdar yubiley ərəfəsində ölkə ilə mədəni əlaqələrin inkişafında, dostluq və əməkdaşlığın genişləndirilməsində xidmətləri olan şəxsləri təltif edib. Təltif olunanlar arasında MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) rəhbərləri – Azərbaycanın Rusiyadakı səfiri, DHƏF-in sədri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, DHƏF İdarə heyətinin həmsədri Mixail Şvıdkoy və DHƏF-in icraçı direktoru Anatoli İksanov da var.

Avqustun 31-də Prezident Sadır Japarov Polad Bülbüloğlu, Mixail Şvıdkoy və Anatoli İksanovla görüşüb. O, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, MDB məkanında mədəni sahədə əlaqələrin möhkəmlənməsində qurumun böyük rolu olduğunu bildirib.

Dövlət başçısı deyib ki, fond hər il Qırğızıstanda mədəni sahədə keçirilən 5-6 layihəni maliyyələşdirir. Gələn il keçiriləcək “Karakol – MDB-nin mədəniyyət paytaxtı” layihəsi də fond tərəfindən dəstəklənəcək.

Sadır Japarov bildirib ki, ölkələr arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Mixail Şvıdkoy “Danaker”, Polad Bülbüloğlu “Dostluq” ordenlərinə layiq görülüblər, Anatoli İksanov Qırğızıstan Respublikasının Fəxri fərmanı ilə təltif edilib. Mükafatları sahiblərinə təqdim edən Qırğızıstan rəhbəri onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə çıxış edən Mixail Şvıdkoy DHƏF-in Qırğızıstanla səmərəli əməkdaşlığından söz açaraq bu il Rusiya ilə Qırğızıstan arasında qeyd olunan qarşılıqlı “Mədəniyyət ili”nə görə də təşəkkürünü bildirib.

Polad Bülbüloğlu təltifə görə minnətdarlığını bildirərək qırğız xalqına böyük Manas zamanından bu yana layiq olduğu inkişaf və uğurlar arzulayıb.

***

Qeyd edək ki, Qırğızıstanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin gənclərdən ibarət simfonik orkestrinin konserti keçirilib.

Abdılas Moldıbayev adına Akademik Opera və Balet Teatrında keçirilən konsertdə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, Qırğızıstan və DHƏF-in birgə təşkilatçılığı ilə keçirilən konsertin məqsədi MDB ölkələri arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, istedadlı gənclərin üzə çıxarılması və cəmiyyətdə tanınmasıdır.

Orkestrə Rusiya Federasiyasının Xalq artisti Sergey Skripka dirijorluq edib. Konsertdə Polad Bülbüloğlu da çıxış edib və alqışlarla qarşılanıb. Sonda qonaqlara qırğız milli geyimi hədiyyə olunub.