Zaman və məkan anlayışlarına hökm oxuyaraq insanların qəlbində əbədi yer tutan sənətkarlardan biri idi Yaşar Nuri. Bu fakt Xalq artisti, müxtəlif səpkili rolların mahir ifaçısı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümü münasibətilə məzarı başında dilə gələn xatirələrdə və sənətkara alqışda bir daha təsdiqlənmiş oldu...

Sentyabrın 6-da Azərbaycan Teatr Xadimləri İttifaqının, sənətkarın uzun illər çalışdığı, ikinci evi hesab etdiyi Akademik Milli Dram Teatrı kollektivinin üzvləri, teatrsevərlər  görkəmli aktyorun II Fəxri xiyabanda məzarını ziyarət etdilər.

Milli teatr və kino sənətimizin inkişafında özünəməxsus yeri olan Yaşar Nurinin obrazı sənət dostlarının, vaxtilə bir səhnəni bölüşdüyü həmkarlarının xatirəsi işığında yenidən xatırlandı.

Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Yaşar Nurinin xatirəsinin hər kəsin qəlbində əbədi qalacağını, onun daim belə sevgi və rəğbətlə yad ediləcəyini dedi. Aktyorun dillər əzbəri olan rolları, teatr səhnəsində, kinoekranda həyat verdiyi obrazları sayəsində neçə-neçə onilliklər adlayacaq sənətkar ömrünə nəzər salan Hacı İsmayılov onunla bağlı xatirələrini dilə gətirdi, illər öncəyə qayıdaraq tərəf-müqabili olduğu səhnə nümunələrindən, hər birinə özünəməxsus yozum qatdığı rollarından danışdı.

Xalq artisti Rafiq Əzimov hələ uşaqlıqdan teatrda yetişən, sənətin xırdalıqlarını erkən yaşlarından mənimsəyən və onu ilahi vergisi olan istedadı  ilə cilalayan Yaşar Nuri sənətinin əlçatmaz olduğuna diqqət çəkdi. Bildirdi ki, Yaşar fitrətən aktyor idi və o, səhnəyə çıxdığı andan, heç bir kəlmə söz demədən də tamaşaçı ilə sirli-sehrli dialoqa girir, onları ram edirdi.

Aktyorun sənət dostu, Xalq artisti Nurəddin Mehdixanlı isə sənətə, sənətkara xüsusən bu ağır məqamda, pandemiyanın teatr, səhnə adamlarını küsdürdüyü, ruh düşkünlüyünə saldığı zamanda diqqətin vacib olduğunu dedi. Bu mənada yubilyarın xalq tərəfindən daim sevgi, rəğbətlə xatırlanmasından məmnunluğunu ifadə etdi. Aktyor həmkarlarına Yaşar Nuri sənətkarlığında, onun kimi teatr, səhnə işığında yaşamağı arzuladı. Onları həmrəy olmağa çağırdı, bu mürəkkəb dönəmdən yalnız bir-birinə diqqət və qayğı sayəsində çıxmağın mümkünlüyünü vurğuladı. Bildirdi ki, Yaşar Nuri kimi böyük sənətkarlar xalqın qəlbində əbədi yaşayacaq.

Xalq artisti Əli Nur isə tələbəlik, gənclik illərinə qayıdaraq sənətkarla bağlı kövrək xatirələrini danışdı. Bildirdi ki, o, müəllimlərinin “Sən böyük sənətkar olacaqsan” təyininin əbəs olmadığını ilk rollarında sübut etdi. Zəhməti ilə istedadını, teatra sevgisi ilə həyata bağlılığını bir araya gətirən sənətkar məhz buna görə əbədiyaşarlıq qazanıb.

Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov isə sənətkarın yubiley tədbirinin planlaşdırıldığını, lakin pandemiya səbəbindən təxirə düşdüyünü və teatrın zəngin tarixində Yaşar Nuri imzasının daim ehtiramla xatırlanacağını bildirdi.

Sonra sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nuri işığına toplaşanlara təşəkkür etdi, onun daim xalqın, sənətsevərlərin qəlbində yaşayacağına inandığını dedi. Bildirdi ki, sənətkara diqqət, onun xatirəsinə ehtiram elə xalqa, teatra, insanlığa sevgidir. 

HƏMİDƏ