Şirvanşahlar sarayında şairin yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə
Nizami Gəncəvi 68 illik bir ömür yaşayıb. Ancaq onun qoyub getdiyi miras nəinki 68 ilə, hətta aradan keçən 880 ilə də sığmır. Ona görə də Nizami Gəncəvi bizim daima müasirimiz olmaqla yanaşı, bütün zamanların müasiri olaraq qalacaqdır.
Bu sözləri sentyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Şirvanşahlar sarayında keçirilən Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecədə Fondun prezidenti Günay Əfəndiyeva deyib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə keçirilən tədbirə rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, ölkəmizdə akkreditə olunmuş xarici diplomatlar, eləcə də ötən həftə Azərbaycana səfər etmiş Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri qatılıb.
Nizami Gəncəvi irsinin işığına toplaşmış qonaqları salamlayan Günay Əfəndiyeva qeyd edib ki, ötən illər ərzində dahi şairin yaradıcılığı haqqında yüzlərlə tədqiqat işi aparılıb, kitablar yazılıb. Əsrlər bir-birini əvəz edir. Siyasi-ictimai epoxalar dəyişir. Ancaq bu günün özündə də nizamişünaslıq yeni-yeni kəşflər edir, yeni fikirlər, yeni mülahizələr irəli sürür.
“İpək Yolunun üzərində yerləşən Gəncədə dünyaya göz açan Nizami ömrü boyu burada yaşayıb-yaradıb. Öz yaradıcılığını Gəncənin sərvəti kimi təqdim edirdi. Lakin tarix sübut etdi ki, onun yaradıcılığı yalnız Gəncənin deyil, bütün Türk dünyasının sərvətidir.
Nizami dövründə Azərbaycanda yaranmış dövlətlərə Şirvanşahlar və Eldəgizlər kimi türk sülalələri başçılıq edirdi. Nizami Gəncəvi bir çox dillər bilirdi. O dövrün ənənəvi poeziya dili olan fars dilində yazırdı. Ancaq onun mənəvi-poetik dili türk dili idi. Onun qıpçaq qızına, Afaqa olan məhəbbəti, bütün Türk dünyasına olan məhəbbətin ifadəsi idi. Nizami Türk dünyasının dahi sənətkarı idi”, – deyə Günay Əfəndiyeva əlavə edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vurğulayıb ki, Nizami Gəncəvi irsi yalnız Azərbaycan ədəbiyyatının inkişafında deyil, digər incəsənət sahələrinin inkişafında da mühüm rol oynayıb: “Bir çox görkəmli Azərbaycan bəstəkarları öz yaradıcılıqlarında
Nizaminin əsərlərinə müraciət ediblər. Bu gün bu incilərdən bəziləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə yaradılmış “Dədə Qorqud” kamera orkestrinin ifasında səslənəcək. Biz orkestrin bədii rəhbəri – Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlovla birlikdə bu yola çıxaraq Türk dünyasının zəngin mədəniyyətini, incəsənətini və musiqi xəzinəsini bütün dünyaya təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Sizi bu qədim məkanda dahi Nizaminin, eləcə də ölməz bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun sehrli sənət dünyasına dəvət edirəm”.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək deyib: “Həqiqətən də, biz hamımız bu cür tədbirlərin keçirilməsi üçün darıxmışıq. Belə bir fürsətin yaradılmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü təqdirəlayiqdir. Bildiyiniz kimi, 2021-ci il ölkə rəhbərliyi tərəfindən “Nizami ili” elan olunmuşdur. Bu bir daha Azərbaycan dahisi, şairi, mütəfəkkiri olan Nizamiyə olan hörmətin və dövlət tərəfindən onun irsinə göstərilən diqqətin nümunəsidir. Bu ilin elan edilməsi Nizaminin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ edilməsi deməkdir. Nizaminin unikallığı ondan ibarətdir ki, bu şəxsiyyət Azərbaycandan – Gəncədən kənara çıxmasa da, onun əsərləri, fəlsəfi fikirləri nəinki Türk dünyasına, regiona, Yaxın Şərqə, hətta bütün dünyaya yayıldı, örnək oldu, onun əsərlərində əks etdirdiyi prinsiplərə, dəyərlərə istinadlar edildi. Təsadüfi deyildir ki, Avropanın aparıcı yazıçıları, şairləri onun əsərlərindən bəhrələnirdi”.
Mədəniyyət naziri digər aidiyyəti qurumlar tərəfindən “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının hazırlandığını söyləyib. Bildirib ki, bu il Nizami Gəncəvinin qəzəllərinin çap olunması, əsərlərinin geniş şəkildə təbliği, beynəlxalq ədəbiyyat festivalının keçirilməsi, onun poemaları əsasında filmlərin çəkilməsi, növbəti Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının dahi şairin yubileyinə həsr olunması və başqa silsilə tədbirlər nəzərdə tutulub. O, Nizamiyə həsr olunmuş musiqili ədəbi-bədii gecənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Mədəniyyət Nazirliyi olaraq Türk dünyasını təmsil edən qurumlarla çox gözəl əməkdaşlıq edirik. Bu bizim siyasətimizin prioritet bir hissəsidir. Türk dünyasında müştərək olan şəxsiyyətlərimizin və adət-ənənələrimizin, tariximizin təbliğ olunmasına nail oluruq”, – deyə Anar Kərimov vurğulayıb.
Gecədə daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə yaradılmış “Dədə Qorqud” kamera orkestrinin konsert proqramı təqdim olunub.
Xalq artisti Yalçın Adıgözəlovun dirijorluq etdiyi orkestr Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun Nizami Gəncəvi irsindən bəhrələnərək yaratdıqları musiqiləri ifa edib. Xalq artisti Mircavad Cavadovun udda müşayiəti ilə Xalq artisti Nurəddin Mehdixanlı Nizaminin qəzəllərini səsləndirib. Əməkdar artist Anar Şuşalı Ü.Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romanslarını oxuyub. Xalq artisti Kamilla Hüseynovanın quruluş verdiyi xoreoqrafik səhnələr nümayiş olunub.