“Bəzi jurnalistlər sözün qədrini bilmirlər. Yerli-yersiz hara gəldi səpələyirlər. Xahiş edirəm mənim haqqımda dəbdəbəli sözlər, cümlələr işlətməyəsiniz” – deyirdi o. “Azərbaycan dekorativ və tətbiqi sənəti sahəsində ən çox nə ilə fəxr edirsiniz” sualına isə – “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi ilə” deyə cavab verirdi.
Bu yazıda Azərbaycan xalça sənətinin mahir bilicisi, ömrünü həsr etdiyi bu qədim sənətimizin “pasport”unu yaratmış, dünyada ilk dəfə Azərbaycanda Xalça Muzeyinin (1967) yaradılmasında fədakarlıq göstərmiş, ölkəmizdə UNESCO-nun xətti ilə ilk beynəlxalq xalça simpoziumunun (1983) təşkilində bilavasitə iştirak etmiş dünya şöhrətli xalçaçı rəssam, sənətşünas Lətif Hüseyn oğlu Kərimovdan (17.11.1906 – 9.9.1991) söhbət açmaq istərdim.
Lətif Kərimov Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada anadan olmuşdu. Rəssam özü haqqında deyirdi: “Torpaqdan irəli xalça görmüşəm. Anam Telli Hacınəsib qızı xalçaçı idi. Onun toxuduğu “Ləmpə”, “Dəryanur”, “Saxsıda güllər” çox adlı-sanlı olub. Mən o xalçaların üstündə iməkləmişəm, dil açmışam, yerimək öyrənmişəm. Təkcə anam deyildi xalçaçı. Bu sənət bizim Allahverənlər tayfasının çörək ağacı sayılırdı” (“Sovet kəndi” qəzeti. 10.7.1979).
O, 1911-ci ildə ailəsi ilə İranın Məşhəd şəhərinə köçmüş, orada xalçaçı Mirzə Ələkbər Hüseynzadədən xalça sənətinin sirlərinə yiyələnmişdi. 1929-cu ildə Bakıya dönən Lətif Kərimov 1930-cu ildən “Azərxalça” İstehsalat Birliyinin bədii-texniki rəhbəri olmuş, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri işləmiş, 1960-cı ildən indiki Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Onun eskizləri əsasında və rəhbərliyi ilə “Əfşan” (1931, 1957), “Qonaqkənd” (1939), “Ləçəkturunc” (1952, 1982), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1967, 1977), “Ağaclı” (1974) “Şəbi-hicran” (1975), “Heyvanlar aləmində” (1976), “Zərxara” (1977), “Xətai” (1981), “Əsrlərin nəğməsi” (1985), “Əcəmi” (1985), “Mehrabi Əcəmi” (1987) ornamental xalçaları, “Firdovsi” (1934), Nizami “Xəmsə”sinin motivləri əsasında toxunmuş 5 məşhur xalça (1940-41), “S.Vurğun” (1956), “Avtoportret” (1956), “N.Nərimanov” (1959), “M.P.Vaqif” (1967), “M.Füzuli” (1972), “İ.Nəsimi” (1974), “S.Urməvi” (1975), “M.Əcəmi” (1976) və başqa süjetli xalçalar toxunmuşdur. Sənətkar həmçinin Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavilyonunun portalları, tağları və interyerlərini bəzəyən müxtəlif memarlıq ornamentlərinin müəllifi olmuşdur.
L.Kərimov incəsənət tariximizdə çox nadir şəxsiyyətlərdəndir ki, yaradıcılığında praktika ilə nəzəriyyə paralel olaraq inkişaf etdirilib. Görkəmli xalçaçı rəssam və xalçaşünas alim dekorativ-tətbiqi sənətimizin ən qədim növlərindən biri olan xalça sənətinin tarixini mükəmməl səviyyədə bilirdi. O, Şərq mədəniyyətinin, İslam sənətinin ən incə mətləblərindən xəbərdar idi, Şərq ornament sənətinin simvolikasını, fəlsəfəsini elmi əsaslarla tədqiq edib, araşdırıb, fundamental elmi əhəmiyyətə malik monoqrafiyalar nəşr etdirmişdi. Onun üçcildlik “Azərbaycan xalçası” adlı kitabları, xüsusən də birinci cildi nəşr olunandan qısa müddət sonra bütün dünyaya yayılmış və sənət biliciləri arasında yüksək rəğbət qazanmışdı. Avropa, Amerika, Şərq ölkələrindən məşhur xalçaşünas alimlər və ekspertlər ona çoxsaylı məktublar göndərərək kitab haqqında qiymətli fikirlərini bildirmişdilər.
L.Kərimovun xalq sənətimizdən qaynaqlanan dərin bilik və bədii zəkası nəticəsində toxunmuş xalçalar özünün kompozisiya quruluşu, rəng həlli, bədii-estetik əhəmiyyəti və texniki işlənilmə xüsusiyyətlərinə görə XX əsr Azərbaycan incəsənətinin qiymətli xəzinəsi hesab olunur. L.Kərimov həm xalça sənətimizin tarixi ilə məşğul olur, bu istiqamətdə elmi araşdırmalar aparır, həm yeni xalça çeşniləri hazırlayır, xalça sənəti ilə bağlı təşkilati işlərlə də ciddi məşğul olurdu. Onun təşəbbüsü və fədakar əməyi nəticəsində Bakıda Xalça Muzeyi yaradılmış, həmçinin dünya xalçaşünas alimlərinin iştirakı ilə xalça simpoziumu təşkil olunmuşdur. Xalçaçı rəssamın Moskva (1954), London (1986), Bakı (1987) və başqa şəhərlərdə fərdi sərgiləri keçirilmişdi. Rəssamın Moskvada təşkil olunmuş sərgisi ilə bağlı “Kommunist” qəzetində (17.8.1954) SSRİ Rəssamlıq Akademiyasının baş elmi işçisi, sənətşünaslıq elmləri namizədi S.Temerin “Moskvada Lətif Kərimovun əsərlərinin sərgisi” adlı məqaləsi dərc olunmuşdu. Məqalədə oxuyuruq: “Sərgiyə tamaşa edənlər arasında Moskvaya qonaq gəlmiş Çin, Hindistan, Koreya, Polşa, İslandiya və başqa ölkələrin nümayəndələri də olmuşlar. Çinli İon-Tek “Mən bu sərgiyə üç dəfə tamaşa etmişəm və hər dəfə Kərimovun milli ənənələrdən bacarıqla istifadə etməsindən çox şey öyrənmişəm”. İslandiyalı Tora və Kristin Anderson yazırlar: “Hazırda Moskvada olan biz – islandıyalı qonaqlar bu sərgiyə heyran qaldığımızı bildirmək istəyirik. Sərgi Moskva səfərimizi daha da maraqlı etdi”.
L.Kərimov 1950-ci ildə xalça sənətimizlə bağlı apardığı fundamental elmi tədqiqat və araşdırmalarına görə sənətşünaslıq namizədi elmi dərəcəsi almışdı. Əhatəli elmi və bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən sənətkar SSRİ Dövlət mükafatı (1950), respublikanın Əməkdar incəsənət xadimi (1955), Xalq rəssamı (1960), “Xalqlar Dostluğu” ordeni (1986) kimi yüksək mükafat və təltiflərə layiq görülmüşdü. Müstəqillik illərində Prezident İlham Əliyevin sərəncamı (27.10.2006) ilə xalçaçı rəssam və sənətşünas alimin 100 illik yubileyi qeyd olunmuşdu.
L.Kərimov “Kommunist” qəzetində (4.9.1983) dərc olunmuş məqaləsində yazırdı: “Uzun illərdən bəri görmək arzusunda olduğum məşhur “Şeyx Səfi” xalçasının qarşısında dayanıb gözümü ondan çəkə bilmirdim. XVI əsrdə Təbrizdə toxunmuş bu nadir xalının hər bir xırda detalını, ilməsini gözdən keçirdikcə, onu yaradan virtuoz rəssamın ustalığı, bu bədii əsərin toxucularının məharəti qarşısında öz heyrətimi və sevincimi gizlədə bilmirdim. Təbriz rəssamlarının bu ölməz işini davam etdirmək üçün həmin rəssamların xatirələrinə yeni bir Şeyx Səfi xalçası yaratmağı qərara aldım”. Bu sətirləri nəzərdən keçirərkən, rəssamın xalqına, millətinə necə bağlı sənət xadimi olduğunu bir daha duymaq olur.
Lətif Kərimovun həyat və yaradıcılığı haqqında tanınmış sənətşünaslar, rəssamlar, eyni zamanda dünyanın sənət adamları yüksək fikirlər söyləyiblər, haqqında yüzlərlə məqalə dərc olunub, bədii və elmi yaradıcılıq fəaliyyətinə dair kitab və monoqrafiyalar nəşr olunub.
“Xalçaçılıq elmində o, nadir istedaddır. Rəssam, xalça ustası keçmişdə də olmuş, indi də az deyil, lakin bu sənətin tarixini, elmi-nəzəri rəssamlıq və texniki ifaçılıq cəhətlərini özündə birləşdirən, indiyə qədər bağlı qalan “düyünlərin” sirlərini açan alim, sənətkar isə yəqin ki, olmamış, yoxdur və olmayacaq” – AMEA-nın müxbir üzvü, sənətşünas alim Kərim Kərimov fikirlərini belə qeyd edirdi.
SSRİ EA-nın müxbir üzvü, sənətşünaslıq doktoru B.V.Veymar yazırdı: “...Ölkəmizdə hələ də sənətin müxtəlif sahələrində Lətif Kərimov kimi hərtərəfli istedada malik bir sənətkar yetişməyib... L.Kərimov zəngin xalq yaradıcılığından bəhrələnən novator rəssamdır”.
Tanınmış İngiltərə sənətşünası Levi Kepati isə fikirlərini belə qeyd edib: “Hər bir xalçanız öz-özlüyündə bir incəsənət əsəri, onların ornamentləri isə nadir və zəngindir. Doğurdan da, bu xalçalar dahiyanə sənət əsəridir”.
Almaniyanın Köln şəhərindən xalçaçı alim U.Şurman ona yazırdı: “Bu qiymətli kitabı (“Azərbaycan xalçası”, I cild. 1961) Moskvada və Leninqradda tapa bilmədim. Bunun üçün Vaşinqtona getməli oldum”.
Xalq rəssamları Mikayıl Abdullayev və Böyükağa Mirzəzadə sənətkarın yaddaqalan portretlərini yaratmışlar. M.Abdullayev L.Kərimov haqqında yazır: “Bir şəxsin özünü, sənətini sevmədən portretini işləmək, məncə, mümkün deyil. Lətif Kərimov mənim üçün kimdir? Respublikamızın ən görkəmli dekorativ sənət ustası. Yeganə xalçaçı Xalq rəssamımız. Qızıl, gümüş, fil sümüyü üzərində ən zərif işlər işləyən mahir zərgər. Sənəti, respublikamızın, xalqımızın adını uzaq-uzaq ölkələrdə tanıdan ellim”.
Sənətşünas alim Kübra Əliyeva müəllimi L.Kərimovun anasının və bacısının yüz ildən artıq yaşadıqlarını qeyd edərək yazır: “O, inanırdı ki, azı 100 il yaşayacaq. Bəlkə də xalqımızın başına gələn bu bəlalar olmasaydı, o, yaşayardı. Ölümünə bir ay qalana qədər yazan, yaradan bu sənətkarın ölümünə səbəb həmin 20 Yanvar gecəsi oldu. O, gecə İnşaatçılar prospektindəki eyvanından Bakıya yağan gülləbarana, insan qırğınına baxan sənətkar mənən məhv oldu”.
Bu il xalçaçı rəssam və alim Lətif Kərimovun anadan olmasının 115-ci, vəfatının 30-cu ildönümüdür. Onun üçcildlik “Azərbaycan xalçası” adlı elmi fundamental əhəmiyyətə malik kitablarının doğma ana dilimizdə və nəfis tərtibatda nəşr olunmasını arzu edərdik. Bu, incəsənət dünyamıza ən gözəl töhfə olardı. Mənalı ömrünü Azərbaycan incəsənətinə, xalçaçılıq sənətimizə həsr etmiş, sənət xəzinəmizi yeni-yeni incilərlə zənginləşdirmiş L.Kərimov özünün bədii və elmi yaradıcılıq fəaliyyəti ilə incəsənət tariximizdə əbədi qalacaq.
Əsəd QULİYEV
sənətşünas, AMEA-nın dissertantı