Turizm şirkətləri Şəhidlər xiyabanını xarici qonaqlara belə təqdim edirlər
 
  
   Millətimizin öz torpağını, azadlığını qorumaq uğrunda mübarizəyə qalxdığı, sovet imperiyasının silahlı qüvvələri ilə qeyri-bərabər mübarizədə qəhrəmanlıq, milli iradə nümayiş etdirdiyi şərəfli tarixdən - 20 Yanvardan artıq 21 il keçir. 
   
   Bu müddət ərzində şəhidlərimizin uyuduğu müqəddəs məkan - Şəhidlər xiyabanı Azərbaycan insanının and yerinə, qürur mənbəyinə çevrilib. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canını fəda etmiş övladları burada əbədiyyətə qovuşublar. Bu yer həm də ölkəmizə gələn qonaqların ziyarət etdiyi məkandır.
   Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar olaraq, ölkəmizə gələn xarici turistlərin sayı da ildən-ilə artır. Maraqlıdır, görəsən, turizm şirkətləri ölkəmizə təşrif buyuran xarici qonaqları paytaxtın tarixi yerləri ilə tanış edərkən bu turlara Şəhidlər xiyabanını ziyarəti də daxil edirlərmi?
   İlk müraciət etdiyimiz şirkət «Paşa Travel» oldu. Şirkətin ofis və müştəri xidmətləri üzrə meneceri Emil Məmmədovun dediyinə görə, Şəhidlər xiyabanını ziyarət şəhər turları zamanı nəzərdə tutulur. Bəzən elə hallar da olur ki, gələn turist Şəhidlər xiyabanını öz arzusu ilə ziyarət etmək istəyir. Bu zaman da ona şirkət tərəfindən lazımi şərait yaradılır.
   «Millennium Tourism & Congress»in təsisçisi Vüqar Əliyev bildirdi ki, indiyə qədər şirkətin həyata keçirdiyi bütün şəhər turlarına Şəhidlər xiyabanını ziyarət etmək daxil edilib. Onun sözlərinə görə, şirkət ötən ildən Bakı Turizm İnformasiya Mərkəzi ilə birgə «Gündəlik şəhər turları» adlı layihə həyata keçirir: «Əsasən xarici qonaqlar üçün nəzərdə tutulan turlar hər gün saat 12-də Azadlıq meydanından başlayır, R.Behbudov-A.Bakıxanov-İnşaatçılar-Şəhidlər xiyabanı-Funikulyor-Azneft meydanı-İçərişəhər-Qız qalası-Şirvanşahlar sarayı marşrutu üzrə keçərək saat 17-də Opera və Balet Teatrının yanında yekunlaşır».
   «Elit Travel» şirkətinin turizm departamentinin direktoru Fərid Hüseynov qeyd edir ki, şəhərimizə gələn hər bir qonaq mütləq Şəhidlər xiyabanına aparılmalı, 20 Yanvarla bağlı onlara məlumat verilməlidir: «20 Yanvar bizim şərəf tariximizdir və bu tarixlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq vətəndaş olaraq hər bir azərbaycanlının borcudur. Hər kəs bacardığı qədər bu təbliğatı aparmalıdır. Bizim Bakı şəhəri daxilində həyata keçirdiyimiz bütün turist proqramlarında Şəhidlər xiyabanını ziyarət nəzərdə tutulur».
   «B.T.S. Travel» şirkətinin rəhbəri Fuad İsmayılov da həmkarları ilə eyni fikirdədir. Onun sözlərinə görə, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən insanları anmaq, onların qəhrəmanlığı haqqında xarici qonaqlara məlumat vermək turizm şirkətlərinin birbaşa vəzifəsidir: «Çünki xarici qonaqlarla biz daha çox təmasda oluruq. Ona görə də düşünürəm ki, biz Şəhidlər Xiyabanını sadəcə turlara daxil etməklə kifayətlənməməliyik, eyni zamanda hər bir fürsətdə təmasda olduğumuz xarici ölkə vətəndaşlarına bütün tarixi günlərimiz, o cümlədən də 20 Yanvarla bağlı məlumat verməliyik».
   «1990-cı ilin 20 Yanvarından 21 il keçir. Bu vaxt ərzində şəhidlərin ziyarəti matəmlikdən çıxıb, əksinə, millətin qürurunu, ləyaqətini göstərən bir mərasimə çevrilib. Biz də xarici turistlərə məlumat verərkən məhz bu məqama üstünlük veririk». Bunu isə «Viktoriya Travel» şirkətinin rəhbəri Vüsal Hacıyev dedi. Onun sözlərinə görə, şirkətin həyata keçirdiyi bütün şəhərdaxili turlarda Şəhidlər xiyabanının ziyarət olunması yer alır: «Hər bir xalqın qürur duyduğu, fəxrlə xatırladığı bir tarix var. Xoşbəxt xalqıq ki, bizim tariximizdə belə günlər bir yox, bir neçədir. 20 Yanvar da belə tarixlərdəndir. Biz bu günlə bağlı çox böyük məmnunluq hissi ilə qonaqlarımıza məlumat veririk. Özü də çalışırıq bu tarixi matəm günü kimi yox, qürur duyduğumuz tarix kimi təqdim edək».

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar