Xəbər verdiyimiz kimi, ölkə başçısının göstərişi ilə 2011-ci ildən etibarən Azərbaycan Turizm İnstitutunun nəzdində kollec və peşə məktəbləri, eyni zamanda müxtəlif ixtisaslar üzrə hazırlıq kursları fəaliyyətə başlamalıdır. 
   
   İnstitutun Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Eldar Aslanovun qəzetimizə verdiyi məlumata görə, artıq yanvarın 24-dən ön büro kursları başlayıb: «Turizm sektorunda yalnız ali təhsilli kadrlarla kifayətlənmək mümkün deyil. Bu sahədə peşəkar vərdişlərə malik olan peşə təhsilli insanlara da böyük ehtiyac var. 2010-cu ildə qəbul olunmuş turizmin inkişafı haqqında Dövlət Proqramında ATİ-nin nəzdində Milli Təlim Mərkəzinin yaradılması nəzərdə tutulur. Burada əsasən orta məktəbin yuxarı sinif şagirdlərinə və ya orta təhsilini başa vurmuş (bu halda oğlanların hərbi xidmət keçməsi şərtdir) şəxslərə xüsusi dil və peşə hazırlıqları keçməklə kadr hazırlığını həyata keçirəcəyik. Bu yolla həm hazırda tikintisi davam edən Şahdağ yay-qış turizm kompleksinə tələb olunan kadr ehtiyacını, həmçinin də ölkəmizdə inşa olunan müxtəlif tipli turizm obyektlərində xidməti personala tələbatı ödəmək mümkün olacaq. Bütün bunlar nəzərə alınaraq, ötən ilin sonlarında ATİ-nin Milli Təlim Mərkəzi tərəfindən peşə kurslarının keçirilməsi üçün tələbə qəbulu elan edilmişdi. Artıq 8 nəfərdən ibarət ön büro üzrə birinci qrup formalaşıb və dərslərə başlayıb».
   E.Aslanovun sözlərinə görə, peşə kurslarının bir neçə istiqamətdə keçirilməsi nəzərdə tutulur: «Bunlardan birincisi turoperator və turagent fəaliyyətidir. İkincisi nömrə və mətbəx, üçüncüsü qidalanma və kulinariya, dördüncüsü restoran və bar, beşincisi hotel xidmətləri və ön büro işləridir, altıncısı isə xüsusilə Şahdağ kompleksi üçün texniki kadrların hazırlığıdır. Bu kompleksdə qış aylarında kanatların qurulması nəzərdə tutulur. Burada texniki işləri həyata keçirmək üçün xüsusi kadrlar hazırlamaq lazımdır. Bunu biz kompleksdə kanatları quraşdıracaq şirkətlə birlikdə həyata keçirəcəyik. Bu məsələ ilə bağlı hazırda Şahdağ kompleksi idarəsinin rəhbərliyi ilə danışıqlar aparırıq”.
   Mərkəz rəhbəri bildirdi ki, yaxın günlərdə turoperator-turagent və bələdçi kursları da başlayacaq: «Bu ixtisaslar üzrə də artıq 10 nəfərlik qrup düzəlib. Biz bir qrupda 10 nəfərdən artıq tələbə olmasını istəmirik. Çünki çox dinləyici ilə keyfiyyətli nəticə əldə etmək çətindir. Onu da qeyd edim ki, bələdçi kurslarında iştirak etmək istəyən şəxslər ali təhsilli olmalıdır. Ölkəmizdə turizmin inkişafı üçün əsas şərtlərdən biri - turizm obyektlərinin, tarixi yerlərin, mədəniyyət abidələrinin gələn turistlərə lazım olan səviyyədə təqdim olunması sahəsində müəyyən problemlər var. Bələdçi kurslarını bu problemləri həll etmək üçün təşkil etmişik. Artıq bir ilə yaxındır ki, bu kurslarla bağlı hazırlıq işləri gedirdi. Attestasiya komissiyası yaradılıb, ilkin komissiya üzvləri müəyyənləşdirilib, əsasnaməsi hazırlanıb, turizm-bələdçi kurslarının təşkili ilə bağlı elmi-metodiki şuranın üzvləri təyin edilib. Bildiyiniz kimi, bələdçi məlumatları ciddi nəzarətdən keçməlidir. Müxtəlif tarixi və mədəniyyət abidələri ilə bağlı razılaşdırılmış məlumatlar olmalıdır. Ona görə də bu məsələnin bilavasitə o sahənin mütəxəssisləri ilə razılaşdırılması üçün belə bir şura yaradılıb. Kursları keçib sertifikat alanların işlə təmin olunmasına da təminat veririk. Çünki hazırda çoxsaylı turizm şirkətləri və hotellər ATİ-yə kadr ehtiyaclarının olması ilə bağlı müraciət edirlər. Əminik ki, yerli və xarici mütəxəssislərin köməyi ilə kurslar çox yüksək səviyyədə təşkil ediləcək. Kurslarda biz əsas üstünlüyü dil hazırlığına verəcəyik».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar