“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Qətərin paytaxtı Dohadakı “Katara” mədəniyyət şəhərciyi müxtəlif layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcək. 

Sentyabrın 13-də Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid bin İbrahim əl-Süleyti tərəfindən anlaşma memorandumu imzalanıb.

İdarədən bildirilib ki, memorandumun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan və Qətər arasında mədəni əlaqələrin inkişafına töhfə verilməsidir.

Qeyd edək ki, “Katara” mədəniyyət şəhərciyi müxtəlif beynəlxalq mədəniyyət layihələrinin, o cümlədən sərgilərin, festivalların, konfransların keçirildiyi mərkəz rolunu oynayır. Mərkəzin məqsədi müxtəlif mədəniyyətləri bir araya gətirməklə ölkələrarası əlaqələri təşviq etməkdir.