“Çələbi”nin bir nümunəsi də Luvr Muzeyində saxlanılır
Azərbaycan Milli Xalça Muzeyində Qarabağ qrupuna aid “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi keçirildi. Sentyabrın 10-da gerçəkləşən mərasimdə Serbiya, Türkmənistan və Əlcəzairin ölkəmizdəki səfirliklərinin nümayəndələri, muzey işçiləri və mətbuat nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan muzeyin Ənənəvi texnologiya şöbəsinin müdiri Əfşan Rzayeva qeyd etdi ki, bu gün kəsimi reallaşdırılan “Çələbi” xalçası 2019-cu ildə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş olunan unikal xalçanın tam replikasıdır. Xalçanın yüksəkkeyfiyyətli toxunuşu, kompozisiya quruluşunun dəqiqliyi və özünəməxsus, mükəmməl rəng tərtibatı ilə seçildiyini söyləyən Ə.Rzayeva şöbədə unudulmuş xalçatoxuma texnikalarını bərpa etmək məqsədilə bütün xovsuz xalça texnologiyalarını, boyanmamış yundan xalçatoxumanı yaşatmaqla yanaşı, xovlu xalçaların məşhur nümunələrinin replikalarının toxunması işinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırdı.
Muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov xalça haqqında məlumat verdi. Bildirdi ki, “Çələbi” adlı xalça kompozisiyası Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin Çələbilər kəndində toxunub. Görkəmli xalça tədqiqatçısı Lətif Kərimovun fikrinə əsasən, türk xalqlarında “çələbi” sözü bəy, əfəndi, həmçinin yüksək mənsəb sahiblərinə verilən fəxri titul idi. Xalçanın ara sahəsinin mərkəzində “Çələbi” xalçalarına xas eyni quruluşlu iki göl elementi verilib. Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir. On iki ləçəkli oxşəkilli göl elementi XIV-XVI əsrlərin peşəkar rəssamlarının yaratdıqları medalyonları təqlid edir və Qarabağ xalçalarının digər qrupları arasında da istifadə olunurdu. Bu elementlər əsasən “Əjdahalı” xalçalarının bədii quruluşunda xüsusi yer tuturdu.
Rəssam vurğuladı ki, ara sahənin boşluğunda göllərdən başqa “kilimgülü”, “çiçək yatağı”, “almagülü”, gül şəkilli heyvan ləpirləri, “göz naxışları” və digər doldurucu elementlərdən istifadə olunub: “Xalçanın haşiyə quruluşu ana haşiyə və onu əhatələyən iki bala (kiçik) haşiyədən ibarətdir. Ana haşiyə naxışları ulduz elementlərinin zəncirvarı əlaqəsi ilə ağ yerlik üzərində qırmızı, yaşıl, göy, sürməyi və qara rənglərlə verilib. Qarabağın “Əjdahalı” xalçalarının rəng koloritini bu xalçada da müşahidə etmək olar. Göllərin və naxışların əsasən ağ və qırmızı yerlik üzərində verilməsi onları daha da əlvan və şux edib.
Xalçaya diqqətlə baxanda orada 16 şüa təsviri olduğunu görmək mümkündür. Həmin elementlərdən 12-si ayların sayını, qalan 4 element isə fəsilləri, dünyanın hissələrini bildirir”.
Daha sonra çıxış edən Azərbaycan Milli Xalça Muzeyin Şuşa filialının müdiri, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisəfa Nuriyev müəssisə tərəfindən “Çələbi” xalçasının kütləvi şəkildə toxunaraq satışa təqdim olunduğunu vurğuladı.
Tədbirin sonunda “Çələbi” xalçasının hanadan kəsimi oldu.
Qeyd edək ki, yeddi aya yaxın müddətdə ərsəyə gələn, eni 1.44, uzunluğu 1.80 metr olan xalçanın toxucuları Ulduz Nəcəfova və Nəsibə Səfərovadır.
Qeyd edək ki, Luvr Muzeyinin daimi ekspozisiyasında Azərbaycan xalçalarının üç qiymətli nümunəsi nümayiş olunur. Bunlar XVIII–XX əsrlərdə Qarabağda və Şirvanda toxunmuş “Çələbi”, “Xanlıq” və “Əjdahalı” xalçalarıdır.
Nurəddin MƏMMƏDLİ