Üzeyir Hacıbəylinin ruhu artıq doğma Şuşanın azad səmasındadır

 

Milli özünəməxsusluğu ilə hər kəsə örnək bir ömür. Bu ömrə bəlkə də barmaqla sayılacaq dahilərə nəsib olan müxtəlif sahələrdə zəngin xəzinə sığıb. Üzeyir Hacıbəyli milli bəstəkarlıq məktəbinin banisi, müsəlman Şərqində ilk  operanın müəllifi, musiqişünas alim, yazıçı-publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi Azərbaycanın mədəniyyət tarixinə adını əbədi həkk etdirib.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya göz açıb. Üzeyir bəyin əsli-kökü şuşalıdır. Atası Xurşudbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Ona görə də ailə qısa müddətə Ağcabədidə olduğu üçün gələcəyin dahisi burada dünyaya gəlib.

Üzeyir bəyin uşaqlıq illəri Qafqazın “konservatoriyası” adlandırılan Şuşa şəhərində keçir. Erkən çağlardan musiqiyə maraq göstərir. Şəhərin zəngin muğam-sənət mühiti onun musiqi istedadının inkişafına təsir göstərir. İlk təhsilini də elə bu şəhərin ikisinifli rus-türk məktəbində alır. Azərbaycan musiqisinin gözəl bilicisi Ağalar bəy Əliverdibəyov onun ilk müəllimi olur. Dahi bəstəkar xatirələrində bu barədə yazır: “...Mən ilk musiqi təhsilimi Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən “muğam” və “təsnif” oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər”.

1904-cü ildə Üzeyir Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirir. Bakıya can atsa da, təyinatı Cəbrayıl qəzasına verilir. Cәbrayıl qәzasının Hadrut kәnd mәktәbində rus dili, hesab vә musiqidәn dәrs deyir, mәktәbә öz puluna pianino alır. Müəllimlik fəaliyyətinə yaradıcı yanaşan gənc Üzeyir bəy riyaziyyatdan dərslik tərtib edir. Eyni zamanda N.V.Qoqolun “Şinel” əsərini dilimizə çevirir.

1905-ci ildə çar Rusiyasında baş verən inqilabi hadisələrin ucqarlara çatan dalğasından sui-istifadə edən Erməni İnqilabi Federasiyası –  “Daşnaksutyun” silahlı dəstələri və millətçi erməni dəstələri müsəlman türklərə qarşı qırğınlara, qarətlərə başlayırlar. Ü.Hacıbəylinin Bakıda nəşr olunan “Kaspi” qəzetində “U” imzası ilə Cəbrayıl qəzasında ermənilərin törətdikləri qətl və qarətlərdən bəhs edən məqalələri dərc olunur. Hökumət nümayəndələri Üzeyir bəyin bu fəaliyyətindən xəbər tutaraq onu cəzalandırmaq istəsələr də, xeyirxah insanların köməyi ilə gənc müəllim vaxtında Bakıya yola düşür. Qazandığı qəzetçilik təcrübəsi Bakıda ona kömək olur. “Həyat” qəzeti ilə əməkdaşlıq edir, felyetonları işıq üzü görür. O, sonra Bakıdakı rus-Azərbaycan məktəblərindən birində müəllim işləməyə nail olur.

Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov araşdırmasında yazır ki, Bakıda tanınmış ziyalılar Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov 20 yaşlı gəncə böyük hörmətlə yanaşırlar. İnam, ümid dolu hisslərlə sıralarına qəbul edirlər. Bir müddət sonra Üzeyir bəy ona göstərilən ümid və inamı doğruldur.

Üzeyir bəy 1908-ci ildə “Leyli və Məcnun” operasını yazır və bu əsərlə o, təkcə Azərbaycanda deyil, müsəlman Şərqində opera sənətinin əsasını qoyur. Dahi bəstəkar beşiyi Avropa olan opera janrının ilk nümunəsini ənənəvi musiqinin yox, məhz muğamın üzərində qurur. Həmin ilin 25 yanvarında səhnəyə qoyulan tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verir. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə Əbdürrəhim Fərəcov çıxış edir. İlk operamızın tamaşası maraqla qarşılanır və gənc Üzeyir bəyi xalqa sevdirir.

Musiqi yaradıcılığını inamla davam etdirən bəstəkar bir-birinin ardınca “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” adlı muğam operalarını yazır.

Üzeyir Hacıbəyli 1911-ci ildə musiqi təhsili almaq üçün Moskvaya gedir. Filarmonik cəmiyyətin nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil alır. Burada ədəbi yaradıcılığa da vaxt ayırır. Satirik hekayə və felyetonlarını Bakıda çıxan “İqbal” qəzetində dərc etdirir. Ancaq maddi ehtiyac üzündən musiqi təhsilini davam etdirə bilmir. Bakıya qayıdır və yaradıcılıqla məşğul olur. İki il sonra yenidən (1913) Rusiyaya gedir və Sankt-Peterburq Konservatoriyasında təhsilə başlayır. Həmin il ona dünya şöhrəti gətirəcək “Arşın mal alan” musiqili komediyasını yazır. Birinci Dünya müharibəsi (1914-1918) başladığı üçün 1914-cü ildə təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Mətbu fəaliyyətini davam etdirir. “Boşboğazlar”, “Məzəli işlərimiz”, “Müsəlmançılıq”, “Küyçülük” adlı felyetonlarını dərc etdirir. O, 1915-ci ildə “Yeni iqbal” qəzetinin redaktoru, sonra isə baş redaktoru olur.

Azərbaycan Xalq Cümhuriyyəti zamanı “Azərbaycan” qəzetinin baş redaktoru olan Üzeyir bəy erməni-daşnak fitnələrini bir an belə nəzərdən qaçırmır. Onların cinayətlərini, rüsvayçı işlərini tez-tez mətbuat səhifələrinə çıxarır.

Ü.Hacıbəyli 1921-ci ildə Bakıda Türk Musiqi Məktəbini (indiki A.Zeynallı adına Bakı Musiqi Kolleci) təşkil edir. Əvvəllər xalq konservatoriyası kimi fəaliyyət göstərən təhsil ocağı 1921-ci ildən etibarən artıq Azərbaycan Dövlət Konservatoriyası adlandırılır. 1926-cı ildən Türk Musiqi Məktəbi Ü.Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibinə daxil olur. Onun nəzdində xalq musiqisi şöbəsi kimi fəaliyyət göstərir. Üzeyir bəy konservatoriyasının rəhbəri vəzifəsinə təyin edilir. O, eyni zamanda Azərbaycan milli folklorunu dərindən öyrənir. M.Maqomayev ilə birlikdə 1927-ci ildə bir sıra Azərbaycan xalq mahnılarını toplayır, nota salır. Həmin dövrdə bəstəkar “Azərbaycan xalq musiqisinin əsasları” adlı böyük elmi-tədqiqat əsərini yazır. 1934-cü ildə fars şairi Ə.Firdovsinin 1000 illiyi münasibətilə yazdığı xor və simfonik orkestr üçün kantata ilə Azərbaycanda bu janrın əsasını qoyur.

Dahi bəstəkar 1931-ci ildə Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestrinin yaranmasında yaxından iştirak edir. “Çahargah”, “Şur” fantaziyalarını yazır. 1936-cı ildə bəstəkar Dövlət Xor Kollektivini yaradır. Bir müddət “Koroğlu” operası üzərində işləyir və ilk Azərbaycan klassik opera növünün əsasını qoyur. Opera 1937-ci ildə səhnəyə qoyulur və böyük uğur qazanır.

Ü.Hacıbəyli 1941-1945-ci il müharibəsinə də bir sıra əsərlər həsr edib. “Vətən uğrunda”, “Şəfqət bacısı”, “Ananın oğluna nəsihəti”, “Yaralı döyüşçünün hekayəsi”, “Döyüşçülər marşı” kimi mahnılar bu qəbildəndir. Dahi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibətilə şairin sözləri əsasında yazdığı “Sevgili canan” və “Sənsiz” romansları da bəstəkarın böyük rəğbətlə qarşılanan əsərlərindəndir. Görkəmli sənətkar bundan əlavə, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərləri ilə musiqi mədəniyyətimizi zənginləşdirib. İstiqlal şairimiz Əhməd Cavadın sözlərinə bəstələdiyi Dövlət himnimiz xalqımızın qürur mənbəyidir.

Ü.Hacıbəyli böyük ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edən sənətkar xalqın böyük rəğbətini qazanıb. Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq artisti adına layiq görülüb.

Azərbaycan bəstəkarlıq məktəbinin tacdarı olan böyük sənətkar 22 noyabr 1948-ci ildə vəfat edib. Dəfnində görünməmiş izdiham yaşanır. Cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.

Sənətkar haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. UNESCO-nun qərarı ilə Üzeyir Hacıbəylinin 100, 110, 120 illik yubileyləri beynəlxalq miqyasda keçirilib. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən hər il 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildən isə dahi bəstəkarın xatirəsinə həsr olunan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir.

Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Simfonik Orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub. Üzeyir bəyin 100 illik yubileyi münasibətilə 1985-ci ildə Şuşada da heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikovun hazırladığı abidə 1992-ci ildə Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunan zaman digər maddi mədəni irs nümunələrimiz kimi dağıdılmışdı.

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı, Üzeyirlərin ruhunun dolaşdığı Şuşa şəhəri azaddır. Bu il avqustun 29-da Vaqif Poeziya Günləri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşa şəhərində görkəmli bəstəkarın heykəlinin açılışı oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan heykəlin müəllifləri heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmovdur.

Dahi bəstəkarın möhtəşəm abidəsi ilə bərabər ruhu da artıq doğma şəhərində, azad Şuşanın səmasındadır...

Savalan FƏRƏCOV