Üzeyir Hacıbəylinin doğum günündə (18 sentyabr) bəstəkarın ev-muzeyində Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Qonaqları salamlayan muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov Milli Musiqi Gününün əhəmiyyətindən söz açıb.

Sənətşünas alim, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli ilə bağlı fikirlərini bölüşüb. Əməkdar rəssam Yaşar Səmədov Üzeyir bəyə həsr etdiyi yeni rəsm əsərini muzeyə hədiyyə edib.

Tədbirin musiqili hissəsində G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin fortepiano müəllimi Dürdanə Axundovanın rəhbərliyi ilə həmin məktəbin şagirdi Şirin Əmiraslanova və Bakı Musiqi Akademiyasınınn II kurs tələbəsi Fidan Əlişovanın ifalarında pianoda “Leyli və Məcnun” operasından müqəddimə və II pərdəyə giriş səsləndirilib. Musiqişünas-vokalist Sevinc İbrahimova “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, “Koroğlu” operasından Nigarın ariyasını, bəstəkarın yarımçıq qalmış “Firuzə” operasından Firuzənin ariyasını, habelə bəstəkar Ədilə Hüseynzadənin “Vəslin həvəsi” romansını, Ağabacı Rzayevanın “Könlüm” mahnısını ifa edib.

Sonda dünya şöhrətli pianoçu, pedaqoq, Fransa Ali Musiqi Akademiyasının direktoru Adilə Əliyeva Sərdar Fərəcovun Vətən müharibəsindəki Qələbəmizə həsr olunan “Cıdır düzündə bayram” əsərini ifa edib. Tədbirdən sonra qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.