Mənəvi Dəyərlərin Təbliği Fondunun keçirdiyi (25 iyun – 25 avqust) “Mənəvi dəyərlərimizi paylaşaq” adlı müsabiqəyə mövzunun daim aktuallığını və özümə doğmalığını nəzərə alıb mən də qoşulmuşdum. Müsabiqə sosial şəbəkələr üzərindən təşkil edilmişdi. Sosial şəbəkədə fəal olmadığımdan mənim üçün bu mübarizə o qədər də asan deyildi. Amma mövzu məni o qədər özünə bağlamışdı ki, iki ay ərzində çox işləri təxirə salıb diqqətimi bu müsabiqəyə ayırdım, sosial şəbəkə səhifəmdə çoxlu paylaşımlarım oldu.

Müsabiqə bitdi və tezliklə xoş xəbər aldım. Müsabiqədə 2-ci yerə layiq görüldüm və bunun üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürümü bildirirəm.

Həmsöhbətim isə müsabiqənin birincisi olan Fidan Nəsirlidir. O, Ağdamın Qalayçılar kəndində doğulub. Bərdə rayonunda Gənclər və İdman İdarəsində baş məsləhətçi işləyir. İndiyədək müxtəlif mövzulu bir çox müsabiqələrin təşkilində iştirak edib. Bu dəfə isə özünü bir müsabiqədə sınamaq qərarına gəlib.

– Mən özüm həmişə müsabiqələrin təşkilində iştirak etmişəm. Ancaq Mənəvi Dəyərlərin Təbliği Fondunun keçirdiyi bu müsabiqə məni özünə cəlb elədi və özümü iştirakçılar arasında hiss elədim.

 

– Daha çox vətənpərvərlik həştəqi ilə paylaşımlar etmisiniz.

– Bəli, mən vətənpərvərlik həştəqi ilə beş paylaşım etdim. Bu videoçarxları çəkmək üçün Bakıya gəldim. Şəhidlər xiyabanına, İçərişəhərə getdim. Hər videoda gənclərimizə mesajlar verməyə çalışmışam. Milli-mənəvi dəyərlərimizi qoruyub, qürurla yaşatmaq ilk öncə biz gənclərin borcudur. Ən gözəl milli-mənəvi dəyərimiz vətənpərvərlikdir. Milli ruhunu hər zaman qoruyub saxlayan Azərbaycan zəngin milli-mənəvi dəyərləri ilə dünya ölkələri arasında özünəməxsus yer tutur. Dəyərlər bizim sərvətimizdir. Çünki bizi biz edən milli-mənəvi dəyərlərimizin ən gözəli, ən vacibi vətənpərvərlikdir.

 

– Ağdam işğal ediləndə neçə yaşınız vardı?

– Onda mənim bir yaşım olub. Ata-anam, doğmalarım mənə Ağdamdan, kəndimizdən, evimizdən danışıblar həmişə. Mən də öz doğulduğum yurdu, evimizi xəyalımda canlandırmışam və ona qovuşmaq ümidi ilə yaşamışam.

 

– Xəyallarınız gerçək oldu. Ağdama, kəndinizə gedə bilərsiniz...

– Bir azərbaycanlı, qarabağlı gəncləri olaraq indiyədək biz bu arzu ilə yaşamışıq, Allaha şükürlər olsun, bizi istəyimizə çatdırdı. Öz canı, qanı bahasına köksü yaralı Azərbaycanı bütövləşdirən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm. Ali Baş Komandanımız başda olmaqla müzəffər Ordumuz var olsun. Bundan sonra isə azad Qarabağımız uğrunda yaşayacağıq. Onun çiçəklənməsi, inkişafı üçün əlimizdən gələni edəcəyik.

 

– Gənclərlə işləmək necədir? Sizcə, bir gəncin uğur qazanmasının sirri nələrdir?

– Gənclərlə işləmək çox məsuliyyətlidir. Gərək özün nümunə olasan. Biz gəncliyin vətənpərvər və vətəndaşlıq ruhunda yetişməsi üçün çalışırıq. Bunun üçün maarifləndirici tədbirlər həyata keçirir, müsabiqələr təşkil edirik. Məncə, bir gəncin uğur qazanmasının sirri isə məqsədli və zəhmətkeş olmaqdır. Azərbaycan gəncləri öz intellekti, savadı, dünyagörüşü, xüsusi olaraq vətənpərvərliyi ilə seçilir. Biz bunu düşmən üzərindəki Zəfərimizlə də sübut elədik. Vətənimizin müxtəlif sahələrdə uğur qazanmış gəncləri çoxdur. Bundan sonra gəncliyin üzərinə daha böyük məsuliyyət düşür. Nə qədər ki, biz varıq, Azərbaycan gəncləri var, heç kəs Vətənimizin, doğma Qarabağımızın üzərinə kölgə düşməsinə imkan verməməliyik.

 

– Bir az da gələcək arzularınızdan danışın...

– Əslində, biz ən böyük arzumuza çatmışıq, Qarabağımız azaddır. Bundan sonra da arzum azad Qarabağımızın hərtərəfli inkişafı üçün çalışmaqdır. Düşmən bizim inadımızı qıra bilmədi. Biz ona xalqımızın necə mərd olduğunu sübut elədik. İndi bütün dünya Azərbaycan Ordusunun gücünə, onun vətənpərvər, cəsur gəncliyinə həsəd aparır. Bu gün mənim üçün Azərbaycan gənci olmaqdan qürurlu heç nə yoxdur.

Mina RƏŞİD