Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının daha bir konsert proqramı sentyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olundu. Muzeydə fortepiano musiqisi axşamı keçirildi.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Yeganə Axundova, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.
Qonaqları salamlayan BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyova qeyd etdi ki, bu il iki mühüm hadisə ilə əlamətdardır: “Bunlardan birincisi, biz musiqisevərlər üçün Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyinin qeyd olunması, digəri Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ənənəvi qaydada keçirilməsidir. Bu münasibətlə mən hər birinizi təbrik edirəm”.
Konsert proqramı Ülviyyə Hacıbəyova və Səidə Tağızadənin (hər ikisi piano) ifalarında İ.S.Baxın “F.Buzoni Çakona d-moll” əsərinin səslənməsi ilə başlandı.
Musiqi gecəsi daha sonra S.Raxmaninovun “Fortepiano üçün sonata - 2 nömrəli op.36” və “Musiqili an - 4 nömrəli e-moll” əsərləri ilə davam etdi. F.Şopenin “İnqilabi etüd” əsərinin ifası xüsusi alqışa səbəb oldu. Qara Qarayevin “Afrodita adası” tamaşasından fraqmentini dinlədikcə ölməz bəstəkarın sənətkarlığına şahid olduq.
J.F.Ramonun “Quşların səsləşməsi”, Arif Məlikovun “Ötəri anlar”, İsmayıl Hacıbəyovun “Paqanini mövzusuna variasiyalar”, Fərəc Qarayevin “Postlüdiya”, “Cənab Bilayn” və Firəngiz Əlizadənin “Fortepiano üçün musiqi” əsərlərinə musiqisevərlər gur alqışlarla cavab verdi.
Sonda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından məşhur “Uvertüra”nı dinlədik. Bu ifa sanki böyük bəstəkarın Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərinə bir minnətdarlıq duyğusu kimi qəbul olundu və sürəkli alqışlar da bunu təsdiqlədi. Solistlərin məharətli ifası dinləyicilərin ruhunu oxşadı.
N.MƏMMƏDLİ