Sentyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti keçirildi. Konsertdə festivalın ABŞ-dan gələn iki iştirakçısı – həmvətənimiz, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (piano) və beynəlxalq müsabiqələr laureatı Sergey Antonov (cello) çıxış etdi.

Konsertdən əvvəl mətbuata açıqlama verən Sergey Antonov Bakıda ilk dəfə səhnəyə çıxdığını bildirdi. Üzeyir Hacıbəyli yaradıcılığına bələd olduğunu söyləyən S.Antonov “Üzeyir Hacıbəyli Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Onun əsərləri dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdəndir. Biz Üzeyir bəyin yaradıcılığını çox sevir və qiymətləndiririk”, – deyə qeyd etdi.

Nərgiz Əliyarova çıxış edərək bildirdi ki, bu konsert onun Üzeyir festivalında və Bakıda ilk çıxışıdır. Musiqiçi konserti dünyasını dəyişən valideynlərinə ithaf etdiyini diqqətə çatdırdı.

Sonra konsert proqramı təqdim olundu.

Gecədə F.Şopenin “Cello və piano üçün sonata – op.65”, “Parlaq polonez – op.3”, “Ballada – № 4” (cello və piano üçün işləyəni Lalə Cəfərova), D.Şostakoviçin “Cello və piano üçün sonata – op.40”, F.Əmirovun “Poema-monoloq” və M.Rostropoviçin “Yumoreska” əsərləri səsləndirildi.

Beynəlxalq festivalın daha bir konserti klassik musiqi həvəskarlarının könlünü oxşadı.

LALƏ