Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konsert proqramları paytaxtdan kənarda da keçirilir. Xəbər verdiyimiz kimi, festivalın ilk konserti sentyabrın 18-də Şuşada təşkil edilmişdi.
Sentyabrın 22-də festival çərçivəsində daha bir konsert Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdim edilib. Musiqi axşamında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) geniş proqramla çıxış edib.
Proqram Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kompozisiya ilə başlayıb. Daha sonra proqramda “Uzundərə”, “Yallı” xalq rəqsləri, “Qarabağ şikəstəsi”, “Evləri var xana-xana” xalq mahnısı, Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayev, Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Cahangir Cahangirov və Süleyman Ələsgərovun əsərləri təqdim olunub.
Xanəndələr İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz Orucova, müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev, Fəxri Kazım Nicat və başqalarının ifaları alqışlarla qarşılanıb.
Konserti Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, şəhərin mədəniyyət, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər izləyiblər.
Sentyabrın 23-də F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və solistlərin iştirakı ilə festival çərçivəsində Ağdam rayon Mədəniyyət evində (Quzanlı qəsəbəsi) konsert proqramı təqdim edilib.