Fevralın 4-də Azərbaycan Turizm İnstitutunun Tədris Mərkəzinin turoperator və turagent hazırlığı üzrə birinci məşğələsi keçirilib.
İlk dərs «Millennium Tourism & Congress DMC» turizm şirkətinin ofisində gerçəkləşib. Bu barədə məlumat verən şirkətin direktoru Ruslan Quliyevin sözlərinə görə, məşğələləri «Millennium»un ofisində keçirməkdə məqsəd dinləyicilərin özlərini turizm atmosferində hiss edə bilməsi və işçilərin təcrübəsi ilə yaxından tanış ola bilməsinə nail olmaqdır.
Birinci məşğələ tanışlıq xarakterli olub. R.Quliyev dinləyicilərə Azərbaycanda turizmin tarixi, indiyə qədər ölkədə turizmin inkişafı istiqamətində atılan addımlar, verilən sərəncamlar və qəbul edilən dövlət proqramları, Azərbaycanın məşhur istirahət məkanları, ölkə ərazisindən keçən beynəlxalq turizm marşrutları haqqında məlumat verib. Həmçinin Azərbaycanın turizm imkanlarının nümayiş olunduğu beynəlxalq turizm sərgiləri, turizm şirkətlərinin əsas fəaliyyət istiqamətləri barədə məlumatlar dinləyicilərin diqqətinə çatdırılıb.
Xatırladaq ki, 2010-cu ildə qəbul olunmuş turizmin inkişafı haqqında Dövlət Proqramına əsasən, ATİ-nin nəzdində Milli Təlim Mərkəzi yaradılıb. Mərkəz turizm sektoru üçün lazım olan peşə təhsilli kadrların hazırlığı ilə məşğul olur. Hazırlıq əsasən orta məktəbin yuxarı sinif şagirdlərinə və ya orta təhsilini başa vurmuş şəxslərə xüsusi dil və peşə hazırlıqları keçməklə həyata keçirilir. Bu yolla dövlət həm hazırda tikintisi davam edən Şahdağ qış-yay turizm kompleksinə tələb olunan kadr ehtiyacını aradan qaldırmaq, həmçinin də ölkəmizdə inşa olunan müxtəlif tipli turizm obyektlərində çalışmaq üçün xidməti personala olan tələbatı ödəməyi nəzərdə tutur. Milli Təlim Mərkəzində yanvarın 24-dən başlayan kurslar 2-3 ay davam edəcək. Sonda iştirakçılara sertifikatlar veriləcək.
Fəxriyyə Abdullayeva