Yanvarın 17-dən fevralın 3-dək Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə Sapporo şəhərində “Regionlarda turizmin inkişafı” mövzusunda treninq keçirilib. Azərbaycan Turizm İnstitutundan verilən məlumata görə, MDB ölkələrinin təmsilçiləri üçün nəzərdə tutulan kurslarda Qazaxıstan, Türkmənistan, Azərbaycan və Ermənistan təmsilçiləri iştirak ediblər. Treninq iştirakçıları həm Yaponiyanın turizm sahəsində təcrübəsini öyrənmək, həm də öz ölkələrini təbliğ etmək imkanı qazanıblar. 18 günlük treninqlərdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Beynəlxalq turizm sektorunun aparıcı məsləhətçisi Kəmalə Həsənova və Azərbaycan Turizm İnstitutunun Tədqiqat və inkişaf şöbəsinin məsləhətçisi Güllü Baharlı təmsil ediblər.
Treninqin davam etdiyi günlərdə iştirakçılar üçün Yaponiyanın Furano və Akan bölgələrinə ekskursiyalar təşkil edilib. Ekskursiyalar zamanı adıçəkilən şəhərlərin turistik mərkəzlərinə səfərlər Yaponiyada turizm işinin təşkili ilə yaxından tanış olmaq baxımından faydalı olub. Treninq iştirakçılarına müvafiq sertifikatlar verilib.