Azərbaycan

 

2 oktyabr 1913 – Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.

2 oktyabr 1915 – Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan “Açıq söz” qəzetinin ilk sayı çapdan çıxıb. 1918-ci ilədək nəşr olunub.

2 oktyabr 1923 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 – 12.9.2004) anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

2 oktyabr 1924 – Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.

2 oktyabr 1981 – Xalq artisti Həsənağa Dərya oğlu Salayev (5.12.1921 – 1981) vəfat edib.  Akademik Milli Dram Teatrında çalışıb. “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

3 oktyabr 1875 – Yazıçı-dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundov (1875-1939) Şuşada anadan olub. Yazıçının “Qorxulu nağıllar” toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. “Laçın yuvası”, “Eşq və intiqam”, “Tamahkar” və s. pyeslərin müəllifidir.

3 oktyabr 1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 – 14.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb. Bu rolu Musiqili Komediya Teatrında 600 dəfə ifa edib. “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

3 oktyabr 1996 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (26.5.1914 – 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”,  “Geriyə baxma, qoca” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.

 

4 oktyabr 1923 – Teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Dövlət Rus Dram Teatrında çalışıb, respublika Dövlət mükafatına layiq görülüb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

4 oktyabr 1924 – Opera müğənnisi, Əməkdar artist Sona Şahnəzər qızı Aslanova (1924-2011) anadan olub. Opera və operettalarda (Nigar – “Koroğlu”, Gülçöhrə – “Arşın mal alan”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.

4 oktyabr 1957 – Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.

4 oktyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 – 2000) vəfat edib. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

4 oktyabr 2006 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (12.6.1933 – 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmlərdə  çəkilib.

4 oktyabr 2016 – Tanınmış teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov  (2.9.1949 – 2016) vəfat edib. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında işləyib.

 

5 oktyabr 1918 – Xalq artisti Qalina Borisovna Koltunova (1918-1994) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.

5 oktyabr 1928 – Tanınmış ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlu (Vəliyev; 1928-1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

5 oktyabr 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

5 oktyabr 1955 – Əməkdar artist Simuzər Məmmədqulu qızı Namazova (1955 – 1.7.1996) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Ağdam və Gəncə teatrlarında çalışıb.

5 oktyabr 1961 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15.3.1911 – 1961) vəfat edib. Gəncə Dram, Musiqili Komediya teatrlarında çalışıb.

5 oktyabr 2002 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (27.4.1951 – 2002) vəfat edib.

 

Dünya

 

2 oktyabr 1832 – İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.

2 oktyabr 1869 – Hindistanda milli azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.

 

3 oktyabr 1895 – Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda dərc etdirib. Mərdəkanda şairin xatirə muzeyi var.

3 oktyabr 1897 – Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon – Louis-Marie Andrieux; 1897-1982) anadan olub.

 

4 oktyabr 1720 – İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi; 1720-1778) anadan olub.

 

5 oktyabr 1713 – Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.

5 oktyabr 1936 – Çex yazıçı-dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936-2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çex Respublikasının ilk prezidenti (1993-2003) olub.

Hazırladı: Vüqar ORXAN