Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Yaradıcı Qadınlar Assosiasiyası üzvlərinin növbəti sərgisi təşkil olunub. Sentyabrın 24-də açılan sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbiri ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq qeyd edib ki, pandemiyanın tüğyan etdiyi çətin dövrdə belə bir sərginin açılması əlamətdar hadisədir. Sərgi sanki bizə “həyat davam edir, həyat gözəldir və sonsuzdur” deyir. Diqqətə çatdırılıb ki, ARİ-nin üzvü, rəssam-keramist, sənətşünas, xoreoqraf Afaq Hüseynovanın rəhbərlik etdiyi assosiasiyanın sərgiləri artıq ənənə halını alıb: “Afaq xanım bu gün eyni zamanda yubileyini qeyd edir və sərgidə onun keramika kompozisiyaları, məşhur nar təsvirləri, naxışlı qabları, dekorativ heykəlləri təqdim olunur. Onlar heyrətamiz şəkildə ahəngdardır, böyük zövq və təxəyyül ilə yaradılıb”.
Sərgidə bərpaçı-rəssam Gülşən Hacıyevanın dekorativ kompozisiyaları da diqqəti cəlb edir. Rəssam dəridən, parçadan, digər materiallardan istifadə edərək rəngarəng ritmik variasiyalar, valehedici dekorlar yaradıb.
Fakturasına görə müxtəlif parçaların rənglərindən yaradılan quramanın milli texnikası haqqında danışsaq, bu sahədə Xalidə Nəsirovanın yaradıcılığını xüsusi qeyd edə bilərik. Onun “İmdad” pannosunun fəlsəfi baxımdan dərk olunması da böyük maraq kəsb edir.
Parça üzərində naxış çəkmək sənəti olan batika Azərbaycanın dekorativ-tətbiqi sənəti ilə yaxşı səsləşir. Bu cür həddən artıq gözəl, mürəkkəb və qeyri-adi texnikanı Tatyana Ağababayeva, digər rəssamlar böyük uğurla təcrübədən keçiriblər. Tatyana Ağababayevanın ipək kompozisiyaları şəklin itiliyi, mürəkkəb texnikası, koloriti ilə diqqəti cəlb edir. Qeyd etmək istərdik ki, “Yağışın alleqoriyası” pannosu göy-yaşıl tonların harmoniyalı axıcılığı ilə poetik əhval-ruhiyyəni nümayiş etdirir. Rəssam uzun illər ərzində batika sahəsində çalışır və bu sahədə böyük nailiyyətlər əldə edib.
Assosiasiyanın rəssamları ardıcıl olaraq qobelen, xalça, tikmə sahəsində çalışır, milli kostyumlarda dekorativ kuklalar, suvenirlər yaradırlar.
Anaxanım Aslanovanın, Zemfira Allahverdiyevanın, Nurlana Məmmədova və başqalarının parça kompozisiyalarını buna misal göstərmək olar. Sərgidə Dilarə Səfərəliyeva qarışıq texnikada yaratdığı dekorativ xarakterli miniatür kompozisiyalarını təqdim edir. Onun qrafika texnikasında “Tovuzquşu” kompozisiyası yaddaqalandır.
Sərginin iştirakçılarından Xatirə Həsənzadənin qrafika işlərini xüsusi olaraq qeyd etmək lazımdır. Onun qrafika işləri tamaşaçını özünə cəlb edir. Rəssam əsərlərini qara tuşla çəkir. “Həyat” və “Əbədiyyət” kompozisiyaları buna misaldır.
Sərginin bütün iştirakçıları tamaşaçını sevindirməyə, onun diqqətini cəlb etməyə, sadəcə olaraq, gözəlliyi paylaşmağa çalışıblar.
Zina MİRZƏZADƏ
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı