Sentyabrın 30-da Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçirilib.
Onlayn formatda, “Zoom” tətbiqi vasitəsilə keçirilən konfransı açıq elan edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Nizami Gəncəvi İli”nin elan edilməsinin əhəmiyyətindən, dahi şəxsiyyətin dünya mədəniyyəti və incəsənətinə təsirindən, onun ideya və fəlsəfəsinin elmi tədqiqat nöqteyi-nəzərdən vacibliyindən danışıb.
Konfransda Hefford Xalq Universitetinin Xarici dillər kafedrasının dosenti Sevil Fuks “Almaniya və İsveçrə təsviri incəsənətində Nizami Gəncəvinin əsərləri” mövzusunda mühazirə ilə çıxış edib. Rəssam İsgəndər Məmmədov Nizami Gəncəvinin əsərlərinə çəkdiyi illüstrasiyaları iştirakçılarla bölüşüb.
Daha sonra mövzu ilə bağlı BDU-nun dissertantı Firuzə Sadıqova, BDU-nun doktorantı Aynur Səfərli, Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi Dürdanə Qurbanovanın məruzə tezisləri təqdim edilib.