Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) bu ölkənin jurnalist və blogerləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkənin tanınmış alimləri iştirak edib.

Tarixçi alim Şuxrat Barlas tədbiri açaraq Azərbaycan və Özbəkistan jurnalist və blogerlərinin əməkdaşlığı, bu sahədə görüləcək işlərdən danışıb.

Səfir Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında əlaqələrin indiki səviyyəsi, gələcək inkişaf perspektivləri haqqında söhbət açıb, iki ölkə media nümayəndələrinin daha sıx əməkdaşlıq etməsinin zamanın tələbi olduğunu vurğulayıb. Diplomat bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə iki ölkəni daha da yaxınlaşdırıb: Müharibə dövründə Özbəkistan hökuməti, ölkə vətəndaşları, həmçinin jurnalist və blogerlər Azərbaycanın yanında oldu, ölkəmizin haqq işini dəstəklədi. Bunun üçün Özbəkistan hökumətinə və xalqına, o cümlədən media nümayəndələrinə minnətdarlığımı bildirirəm”.

Səfir Şuşa və Xivə şəhərlərinin qardaşlaşması haqqında təklif irəli sürdüklərini də bildirib: Hesab edirəm ki, bu təklifimiz reallaşacaq və bununla bağlı tədbirlər həyata keçirəcəyik”. 

AMM-in direktoru Samir Abbasov mərkəzin fəaliyyəti haqqında məlumat verib, reallaşdırılan tədbirlər, nəşr layihələrindən söhbət açıb. O deyib ki, mərkəz Özbəkistan mətbuatı ilə sıx əlaqədə işləyir. Təkcə 44 günlük Vətən müharibəmiz zamanı qardaş ölkənin KİV-lərində 240-dan artıq material çap etdirilmişdi.

“UNEC TF” Fondunun departament direktoru Ellada Əliyeva Özbəkistan görüşün təşkilindən məmnunluğunu bildirib, bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb, bu kontekstdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, qurumun əsas istiqamətlərindən biri də xarici jurnalistləri, alimləri Azərbaycana dəvət etmək, Qarabağ həqiqətləri ilə bağlı məqalələr və kitablar yazmaqdır.

Jurnalist və blogerlərdən Aqida Maxir, Şirin Qafurova, Niqora Akilova, Qamaraddin Şeyxov, Mahira Sultanova, Faruk Turamuradov və başqaları 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın haqq işini dəstəklədiklərini bildiriblər.