Musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardan biri Xalq artisti Xəyyam Mirzəzadə olub. Görkəmli bəstəkar milli və dünya musiqi irsinin nailiyyətlərindən bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər ərsəyə gətirib. Onun yaradıcılığı Azərbaycanın musiqi sənəti tarixinin parlaq səhifələrindəndir.

5 oktyabr 1935-ci ildə İçərişəhərin darısqal dalanlarındakı evlərin birində, görkəmli dilçi alim Hadi Mirzəzadənin ailəsində bir oğlan uşağı dünyaya göz açır. Bunu eşidən babası, o vaxt İranda yaşayan İsmayıl kişi oğlu Hadiyə xəbər göndərir: nəvəmin adını Xəyyam qoyun. Şərqin böyük şairi Ömər Xəyyamın şərəfinə qoyulan adı doğrultmaq üçün ata oğlunun təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Onu erkən çağlardan şəhərin mədəni həyatı ilə tanış edir, özü ilə dövrünün tanınmış şair və yazıçıları ilə görüşlərə, tədbirlərə aparır. Atası onu ədəbiyyatçı kimi yetişdirmək istəyirdi. Amma Xəyyam ağlı kəsəndə başqa bir səmtə – musiqiyə üz tutur. 7 yaşına çatanda  Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbinə gedir. Təhsilini 1952-ci ildə müvəffəqiyyətlə başa vurur. Bəstəkarlıq üzrə ali təhsil almaq üçün sənədlərini konservatoriyaya verir. 1957-ci ildə böyük bəstəkar Qara Qarayevin sinfini bitirir. Əmək fəaliyyətinə də elə burada – konservatoriyada müəllim kimi başlayır. Konservatoriyada Kompozisiya kafedrasının müdiri (1969) olur, 1979-cu ildən professor kimi fəaliyyət göstərir.

O, ilk musiqi variasiyalarını hələ məktəbli ikən, kiçik skripkasını sinəsinə sıxanda yazmışdı. Not dəftərindəki bu qeydlər sonralar rəngarəng musiqi əsərlərinə çevrilir, 50-ci illərdən etibarən konsert salonlarında səslənir. “Oçerklər-63” simfonik poeması, “Ağlar və qaralar” baleti, “Triptix”, “Mirzənin söylədikləri”,  “Etiraf” vokal məcmuəsi, “Mərakeş” rapsodiyası, “Muğan çöllərində” süitası,  xor, solist və simfonik orkestr üçün “Çiçəklən, Vətənim” ( E.Sabitoğlu ilə birgə), ağacdan nəfəs alətləri üçün “Sekstet”, misdən nəfəs alətləri üçün “Kvartet”, dörd miniatür, skripka və fortepiano üçün sonatina və digər musiqi əsərləri bəstəkara şöhrət gətirir.

Xəyyam Mirzəzadənin çox sayda dram tamaşalarına yazdığı musiqilər ifadə vasitələrinin rəngarəng və məna-məzmun dolğunluğu ilə könüllər oxşayıb. Görkəmli sənətkarın yaradıcılığının müəyyən hissəsi kino ilə bağlı olub. O, 30-dan artıq filmə musiqi yazıb. İlk olaraq 1959-cu ildə Xalq yazıçısı İmran Qasımovun ssenarisi üzrə çəkilən “Bizim küçə” filminə musiqi bəstələyib. Sonralar “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Güllələnmə təxirə salınır!” və s. filmlərə musiqilər yazıb. Bu ekran əsərlərinin bədii dəyərini artıran xüsusiyyətlərdən biri də zəngin koloritli musiqi müşayiətidir.

Araşdırmalarda qeyd edilir ki, görkəmli sənətkar gənclərlə ünsiyyətdə çox maraqlı olub. Tələbələri ondan soruşanda ki, sənətkarın formalaşması üçün başlıca nə lazımdır, deyərmiş: “Sənətkarlıq üçün mütləq mühit və fədakarlıq lazımdır. Təhsil aldığın məktəb, tanış olduğun adamlar sənin şəxsiyyət kimi formalaşmağında əsas amillərdəndir. Bəxtim onda gətirib ki, ziyalı ailə mühitində böyümüşəm. Uşaqlıq illərim müharibə dövrünə düşsə də, konservatoriya nəzdindəki musiqi təmayüllü orta məktəbdə skripka dərsi almışam. Üzeyir bəyin Moskva, Sankt-Peterburq kimi əla sənət ünvanlarından yaxşı müəllimlər dəvət etdiyi və həmin sənət məbədləri təhsilindən qayıtmış Q.Qarayev, C.Hacıyev kimi nəhənglərin dərs dedikləri Azərbaycan Dövlət Konservatoriyasında oxumuşam...”.

Yaradıcı əməyi yüksək qiymətləndirilən Xəyyam Mirzəzadə müxtəlif dövlət təltiflərinə – respublika Lenin Komsomolu mükafatına, Dövlət mükafatına, “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına, “Şöhrət” (2000), “Şərəf” (2010) ordenlərinə layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında dünyasını dəyişib.

Savalan FƏRƏCOV