Vaşinqton şəhərində 18-ci Türk Festivalı keçirilib. Minlərlə şəhər sakininin qatıldığı festivalda qonaqlara türk mətbəxi nümunələrini dadmaq, musiqilər dinləmək, müxtəlif suvenirlər, əl işləri almaq fürsəti yaradılıb. “ATA-DC” Türkiyə-Amerika Cəmiyyəti tərəfindən ABŞ paytaxtında hər il təşkil olunan festival böyük marağa səbəb olur.
Festival hər il Vaşinqtonun müxtəlif yerlərində keçirilir. Builki festival paytaxtın “The Wharf” (“Liman”) adlanan tarixi hissəsində təşkil edilib. Əvvəllər burada açıq səma altında ən uzun balıq bazarı yerləşirdi. Son illər ərzində “Wharf” inkişaf edərək Kolumbiya dairəsinin sahilboyunda ən maraqlı yerlərdən birinə çevrilib.
Festivalda türk musiqisi, həmçinin türkdilli xalqların mahnı və rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri təqdim edilib. Vaşinqtondan olan “Silk Road Dance Company” rəqs qrupu qonaqlara Azərbaycan və özbək rəqsləri nümayiş etdirib. Festival ziyarətçiləri Osmanlı dövlətinin və Türkiyənin mədəniyyətini əks etdirən eksponatlarla, türk xalçaları, ənənəvi geyimlər və qab-qacaqla tanış olublar.