AFFFAİR markasının təsisçisi, məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.
Dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib.
Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.
Azərbaycan xalçaçılıq sənətinin gözoxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.
“Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırılır.
Rüfət İsmayıl kolleksiyaları Milan, Nyu-York, Dubay moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk azərbaycanlı dizaynerdir. Modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb.